Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində təhsil alan şagird 14 yaşına çatmayan şəxsə qarşı aşkar şəkildə seksual xarakterli hərəkətlər etdiyi üçün həbs olunub.
Bunu Teleqraf.com-a açıqlamasında vəkil Xəyal Bəşirov bildirib.
Vəkilin sözlərinə görə, görüntülərdə zorakılıq olsaydı, həmin hərəkəti edəni daha ağır cəza gözləyərdi:
“Bu halda həbs edilən şəxsin cinayət işinə seksual xarakterli hərəkətlə yanaşı, zorakılıq maddəsi ilə əlavə olunardı”.
Xəyal Bəşirov qeyd edib ki, bu məsələdə zorakılığın olub-olmaması əsas götürülmür:
“Çünki 14 yaşına çatmayan şəxs əqli cəhətdən tam inkişaf etmiş insan sayılmır. Onun uşağlığından istifadə edib, aldada bilərlər. Qanunvericilik də bunları nəzərdə tutur ki, qızın iradəsinə zidd və ya iradəsinə uyğun hərəkət olunsa belə, bu, cinayət məsuliyyəti yaradır”.
Xəyal Bəşirov qeyd edib ki, hazırda məsələ ilə bağlı istintaq gedir: “Görüntüləri hansı niyyətlə yayılması da araşdırılır. Mənafelər müxtəlif ola bilər. Hədə-qorxu ilə tələb etmə olarsa, müvafiq maddə də istintaqa əlavə ediləcək. İlkin olaraq Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb“.
Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdi 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.