Bakı sakini Mehriban Rəhmənova evini kirayə verdiyi şəxs tərəfindən aldadılıb.
Mehriban xanım deyib ki, kirayənişini evdəki bütün əşyalarını satıb.
Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edən Yalçın adlı şəxsə güvənib evini kirayə verən M.Rəhmənovanın sözlərinə görə, o, evdəki bütün əşyaları satıb, boş evdə bomj kimi yaşayıb:
“İnternet saytlarına mənzilimi kirayə verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 dekabr tarixində mənzilimi 1979-cu il təvəllüdlü Yalçın Rəşid oğlu Həsənova kirayəyə verdim. O, özünü keçmişdə Ali Məhkəmə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışan Südabə Həsənovanın qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı.
Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də, mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim.
Yalçın Həsənov məni əmin etdi ki, mənzilimdə həyat yoldaşı ilə uzun müddət yaşayacaq, mən də evimi ona kirayə verdim. Onun sözlərinə əsasən, iki övladı anası ilə yaşayır və yalnız həftəsonları mənzilə gələcəklər.
Sonra isə biz müqavilə bağladıq, o şəxsiyyət vəsiqəsini təqdim etdi, mən isə ona mənzilin açarını verdim. Bir neçə ay ərzində mən Votsap vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil pulunu bir neçə ay vermədilər, telefonlarımı açmırdılar, daha sonra isə mənim nömrəmi qara siyahıya əlavə etdilər.
2018-ci il 25 yanvar tarixində mən bir neçə şahid ilə mənzilimə daxil olub ev əşyalarımın oğurlandığını gördüm. Polisə müraciət etdim. İki gün sonra onu, yəni Yalçın Həsənovu mənim mənzilimdə həbs etdilər. O, son günədək heç nə olmamış kimi mənzildə yaşamağa davam edib Bomj kimi döşəmədə yatırmış, çünki evdəki bütün əşyaları satıb”.
Ev sahibəsi əlavə edib ki, Y. Həsənovun əvvəllər vəzifədə olmuş atası dəymiş ziyanı ödəyəcəyini vəd etsə də, sonda heç nə əldə edə bilməyib:
“Onu həbs etdikdən sonra 19 nömrəli Polis bölməsinə onun atası Rəşid Həsənov gəldi. Atası əvvəllər Bakı şəhərinin prokuroru olub. Onun oğlunu həmin gün azad etdilər, atası söz verdi ki, mənzildən satdığı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq. Lakin heç kim heç nə qaytarmadı. Mənə 7500 manat dəyərində zərər vurublar. Hazırda ona 177.2.4 maddəsi ilə cinayət işi açılıb, ancaq onu hələ ki tapa bilmirlər.
Lakin o məhkəməyə cəlb edilsə belə, onun cəzasının ədalətli olacağı sual altındadır. Məlumdur ki, Yalçın Həsənov əvvəllər narkotik ticarətinə görə məhkum edilib. Uzun müddətdir, o, bu cür sxem əsasında işləyir və hər dəfə də işdən alnı açıq, üzü ağ çıxır. Belə cinayətkarlar öz yüksək rütbəli qohumlarının adları altında gizlənərək, öz qara işlərini görürlər”.
Mehriban Rəhmənovanın fırıldaqçılıqda ittiham etdiyi Rəşid Həsənov həqiqətən də vaxtı ilə Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur.
2009-cu il 17 aprel tarixli hökmü ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və daha 11 nəfərlə birgə narkotik istifadəsi və satışısına görə həbs edilən Rəşid Həsənov, 2011-ci ildə əfv sərəncamı əsasında həbsdən azad edilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq./Minval.info/