Martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğulayan Sadiq Abduyev Ümummilli Lider Heydər Əliyevin 3 rəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını diqqətə çatdırıb. İdarə rəisi Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələrinin Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildiyini və 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdığını vurğulayıb. Sadiq Abduyev Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu qeyd edib.
Daha sonra tədbirdə çixiş edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edib: “Xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar. Bu mübarizənin nəticəsi olaraq 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirdi. Qısa zaman kəsiyində milli kadrlar önə çəkilərək ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı və ermənilərin ölkəmizin qərbində, xüsusilə Qarabağ bölgəsində həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyuldu və sərhədlərimiz müəyyənləşdirildi”.
Yaqub Mahmudov onu da qeyd edib ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub və qadınlara kişilərlə bərabər seçki hüququ verilib.
Çıxışının sonunda millət vəkili Yaqub Mahmudov qeyd edib ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu. Bu, bir tarixdir və heç cür unudula bilməz. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulayıb. Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda "İstiqlal Bəyannaməsi" abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır!
Tədbirin sonunda Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə dair film nümayiş olunub.