Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən Dövlər Sərhəd (DSX) Xidməti Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.
DSX-dən Teleqraf.com-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanlıb, onlara təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.
Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənqulu Quliyev və Nail Nəhmətov olduqları müəyyən edilib.