4 Aprel 2018 10:09
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər keçirilən yoxlamalar zamanı saxta dərman vasitələri aşkar olunmasa da, dövlət qeydiyyatına alınmayan, sertifikatı olmayan dərman vasitələri aşkarlanıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, satışa çıxarılmadan öncə dərman vasitəsi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa görə ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir: “Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycan Respublikasında Dövlət Qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir.

Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yaradılmış laboratoriyaya təhvil verilir. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsi sertifikatlaşdırılaraq onun ölkəyə idxalına icazə verilir”.

Mərkəzdən bildirilib ki, əczaçılıq nəzarətinin əsas və vacib istiqamətlərindən biri də topdan və pərakəndə satış əczaçılıq müəssisələrinə nəzarətdir: “Bu məqsədlə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində planlı və plandankənar yoxlamalar həyata keçirilir. Son illər ərzində keçirilən yoxlamalar zamanı saxta dərman vasitələri aşkar olunmasa da, dövlət qeydiyyatından keçməyən, sertifikatı olmayan dərman vasitələri aşkarlanıb. Bütün faktlarla bağlı akt və protokollar tərtib edilərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qərarlar verilib”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi tərəfindən Türkiyə, Rusiya və Avropa ölkələrindən normativ sənədlərə uyğun olmayan və qablaşdırılmalarında uyğunsuzluqlar olan dərman vasitələri müsadirə edilərək, ekolojı poliqonda məhv edilib. Yandırılan dərmanların ümumi dəyəri 350 min manatdan çoxdur.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər