Azərişıq ASC-nin mövcud prosedurları azaltması və sahibkarların işini asanlaşdırması sayəsində mart ayında ASAN xidmət vasitəsi ilə 232 sahibkarın müraciətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlər verilməsinin bölgələrdəki bütün ASAN xidmət və ASAN kommunal mərkəzlərini əhatə etməsi, vahid pəncərə sistemi üzrə prosudurların 7-dən 3-ə salınması və şəbəkəyə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsi mart ayı ərzində müsbət təsirini göstərib.
Mart ayında bayram günlərinin sayının çoxluğuna, daha dəqiqi cəmi 19 gün iş günü olmasına baxmayaraq 318 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün ASAN xidmət və ASAN kommunal vasitəsi ilə Azərişıq ASC-yə müraciət edib.
Ötən ay ərzində sahibkarlarla yanaşı əhali abonentlər də asanlaşma prosesinin bütün bölgələrə əhatələnməsindən, o cümlədən prosedurların sadələşdirilməsindən faydalanıblar.
Mart ayının 19 iş günü ərzində 2972 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün ASAN xidmət vasitəsi ilə Azərişıq ASC-yə müraciət edib. Ümumilikdə isə mart ayı ərzində Azərişıq ASC-nin ASAN xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 11 xidmət üzrə 13 minə yaxın müraciət olunub.