30 Aprel 2018 09:59
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox insan baharı sevir və onun gəlişini səbirsizliklə gözləyir. Amma onu da nəzərə alaq ki, baharın gəlişi ilə bir çox xəstəliklər, əsasən soyuqdəymə artır. Hava səhər isti, axşam isə soyuq olduğuna görə geyim seçmək çətinləşir.

Bəs orqanizmimizi belə dəyişkən mövsümə necə hazırlamaq olar?

Teleqraf.com ekspertlərin bu mövzuda fikirlərini təqdim edir. Onlara görə, düzgün nəfəs almaq və çoxlu gəzmək əsas şərtlərdən biridir.

Meteohəssaslıqdan necə qurtulmaq olar?

Tibbi müayinələr göstərir ki, ölkəmizdə üç nəfərdən biri meteohəssaslıqdan əziyyət çəkir. Yəni ölkə əhalisinin 30%-i üçün havanın kəskin dəyişməsi baş ağrısı, narahatlıq, qeyri-sabit qan təzyiqi və digər xoşagəlməz simptomlar yaradır. Bu simptomları minimuma endirmək və eyni zamanda immuniteti artırmaq üçün bir neçə sadə qaydanı bilmək lazımdır.

Əczaçılıq elmləri namizədi Səriyyə Nuriyeva deyir ki, yazda sağlamlığı artırmaq üçün günün uzunluğundan da istifadə edilməlidir:

“Bildiyiniz kimi, insanın zehni daha çox səhər saatlarında, əsasən 8-10 arası güclü olur. Həmçinin, günəş işığının faydasını da unutmayaq.

Ultrabənövşəyi şüalar bir çox virusları, hətta bakteriyaları da öldürür. Buna görə də gündüz vaxtı təmiz, açıq havada gəzinti bədənin müqavimətini artırır.

Bu mövsümdə evləri havalandırmaq da böyük rol oynayır.

Bundan əlavə, vücudunuzun özünümüdafiəsini aktivləşdirmək üçün virusun hüceyrələrə daxil olmasına maneə yaradan antivirus dərmanlarından profilaktik istifadə şərtdir.

Virus nəticəsində səs batmasının müalicəsi üçün isə homeopatik preparatlar məsləhət görülür”.

Bundan əlavə yaz mövsümündə sağlamlığı qorumaq üçün həkimlər tənəffüs gimnastikasını məsləhət görür.

Belə ki, nəfəsi burundan almaq lazımdır.

Bundan əlavə, qarnın aşağı hissəsilə nəfəs almağa çalışın.

Bu zaman diafraqma yığılır, qarın boşluğu orqanlarını aşağıya doğru sıxır. Diafraqma qarın və döş boşluqlarını ayıran eninəzolaqlı əzələdir.

Qabırğaarası əzələlər yığıldığı üçün qabırğaları bir qədər yuxarıya qaldırır və bu zaman döş qəfəsinin, təbii ki, plevra boşluğunun da həcmi genişlənir. Həcmi genişləndiyinə görə plevra boşluğunda təzyiq yenə də aşağı düşür. Bu isə ağciyərlərdə, bronxlarda və alveollarda təzyiqin xeyli aşağı düşməsinə səbəb olur.

Ritmik nəfəs almağa çalışın.

Nəfəsinizi mümkün qədər yavaş-yavaş çəkin və rahat asta formada buraxın. Bu vəziyyətdə, nəfəsin buraxılması alınmasından daha uzun olmalıdır.

Əslində, bütün sirr də elə buradadır.

Bundan əlavə, yaz fəslində bütün işlərinizi quru və küləksiz açıq havada görməyə çalışın.

Günəşdən qorunmaq üçün qulaq və boğazınızı örtəcək yaylıqdan istifadə edin.

Belə hava üçün ən ideal üst geyim isə papaqlı küləkkeçirməz jilet sayılır.


Müəllif: Günay Əli

Oxşar xəbərlər