1 İyun 2018 20:15
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də “Hüquq ədəbiyyatı” ixtisaslaşmış kitab mağazasında hüquq elmləri doktoru, professor Kamil Səlimov, Şahin Hüseynov, eləcə də Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsi Akademiyasının və AMEA-nın İnsan Haqları İnstitutunun professor-müəllim heyətinin hazırladığı “Əməliyyat axtarış fəaliyyətinin əsasları” adlı dərsliyin təqdimatı keçirilib.

Mərasimə Azərbaycan hüquq elminin tanınmış simaları qatılıb. Çıxış edənlər dərsliyi ali hüquq təhsilinə ciddi töhfə adlandırıblar.

Ali Attestasiya Komissiyasının Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri, professor İlham Rəhimov çıxışında diqqəti maarifləndirmə işinin təşkilinə yönəldib: “Bu gün hətta hüquqşünasların hüququ təbliğ etməməsi çox ciddi narahatlıq doğurur. Bu, çox mənfi tendensiyadır. Ölkə vətəndaşlarının ciddi bir hissəsi öz hüquqları ilə bağlı səthi biliyə sahibdirlər. Bunun da əsas səbəbi maarifləndirmə və təbliğat işinin zəifliyidir. Təqdimatına toplaşdığımız kitab nəzəriyyəçilərin, praktika ilə məşğul olanların, eyni zamanda insan haqları müdafiəçilərinin birgə əməyinin bəhrəsidir.

Düşünürəm ki, hüquq ədəbiyyatının geniş kütlələr arasında yayılması, vətəndaşlara öz hüquq və azadlıqları ilə bağlı bilgi verilməsi kitabların yazılması qədər önəmlidir. Hər bir hüquq dövlətində insanların davranışları qanunlarla tənzimlənir. Demək, hər bir vətəndaşın qanunları bilməsi vacibdir. Ancaq bu gün nə teleməkanda, nə hansısa bir auditoriyada insan hüquq və azadlıqlarının təbliği ilə bağlı verilişlər, müzakirələr yoxdur. Bu işin təşkili, ümumiyyətlə, hüquq təbliğatının koordinasiyası Ədliyyə Nazirliyinin səlahiyyətindədir.

Zamanında mən Ədliyyə Nazirliyinin təbliğat şöbəsinə rəhbərlik etmişəm. O zamanlar biz orta məktəblərdən ali məktəblərə qədər, kənd təsərrüfatı obyektlərindən dövlət müəssisələrinə qədər bir çox qurumda davamlı təbliğat, maarifləndirmə tədbirləri keçirirdik. Düşünürəm ki, bu gün də nazirlik həm İctimai Televiziyaya, həm Təhsil Nazirliyinə, həm də digər nazirlik və qurumlara qanunların təbliğinə şərait yaradılması üçün müraciət etməlidir. Sözsüz ki, vətəndaş cəmiyyəti institutlarının, medianın üzərinə düşən vəzifələr də var, ancaq əsas təbliğat rəsmi səviyyədə aparılmalıdır. İndiyə qədər məsələn, Bakı Dövlət Universitetində hüquqla bağlı elmi konfransın keçirilməsinin şahidi olmamışam. Beynəlxalq deyil, hətta yerli səviyyədə də tədbirlər keçirilmir. Elmi mühiti canlandırmadan, geniş müzakirələr açmadan cəmiyyət həyatının heç bir sahəsi ilə bağlı xüsusi irəliləyiş əldə etmək mümkün deyil.

Biz Azərbaycanda güclü hüquq dövləti qurmaq istəyiriksə, vətəndaşlarımız hüquqi cəhətdən savadlı olmalıdırlar. Bunun üçün elmi ədəbiyyatlar yaradılmalıdır, nəzəriyyə və praktika ilə məşğul olanlar müzakirələr aparmalı, bu müzakirələr ölkədə qanunverici bazanın möhkəmləndirilməsinə xidmət etməlidir. Hüquq dövlətin təməlidir. Yalnız məsələlərə kompleks yanaşmaqla, arzuedilən nəticələri əldə etmək mümkündür”.

Dərsliyin müəlliflərindən biri professor Kamil Səlimov isə bildirib ki, dərsik yalnız tələbələr üçün nəzərdə tutulmayıb:“İstintaq zamanı həm məxfilik prinsipinin qorunması, həm də insan haqlarına əməl edilməsi qanunun tələbidir. Ancaq bir çox hallarda buna əməl edilmir. Səbəb isə həm istintaq orqanlarının, həm də vətəndaşların öz hüquq və məsuliyyətləri haqqında bilgilərinin azlığıdır. Bu kitab ali hüquq təhsili alanlar üçün nəzərdə tutulsa da, ondan bütün vətəndaşlar faydalana bilərlər. İnkişaf etmiş ölkələrdə insanların şəxsi həyatına müdaxilə məsələsi qanunlarla çox ciddi qorunur. Biz bu kitabda eyni prinsipin Azərbaycanda qorunması üzrə hüquqi əsasları toplamışıq.

Artıq Azərbaycan Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı qərarları var və kitabda bu tip praktik materiallar da yer alıb. Əminəm ki, böyük bir kollektivin ciddi əməyi ilə yaradılan bu dərslik Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların öz hüquq və azadlıqları ilə bağlı dəqiq informasiya əldə etməsi baxımından, çox faydalı olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər