Dünya neft bazarı spekulyasiyalar üzərində qurulub, xəbər axını, bəyanatlar, qərarlar dərhal bazara təsir edir. Dünyada hər gün ortalama 95-97 milyon barel neft hasil olunur, amma birjalarda hər gün bu həcmdən 1000 dəfə çox fyuçer alınıb-satılır. Tək Çində kompüter arxasında oturub neft fyuçerləri alıb-satan, forex-də treyderlik edən 30 milyon insan var.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçı qeyd edib ki, dünyada belə fərdi treyderlərin sayı neft bazarında 120 milyon nəfərə yaxındır:
“Amma əsas oyunçular onlar deyil, əsas oyunçular təqribən 100-ə yaxın böyük investisiya fondları və treyder şirkətləridir. Onlar istənilən an savadı az 120 milyon fərdi treyderi trollayaraq addımlar atmağa məcbur edir.
OPEC və Rusiya ayın 22-də Vyanada toplandı, əsas məsələ hasilatı artırmaq planı idi. Günün sonunda razılaşma oldu ki, hasilatı 1 milyon barel artırsınlar, bu gün axşam rəsmi qərar elan ediləcək. Dünən bu fonda neft qiymətləri 3% bahalaşdı, əslində bunun tamamilə əksi olmalı idi”.
Natiq Cəfərli hesab edir ki, OPEC və Rusiya rəsmən hasilatı artırmaq qərarını elan edəndən sonra birinci gün, dünya birjaları açılanda neft qiymətləri kəskin enəcək: “Qiymətlər yaxın 10 gündə 10%-dən çox enəcək, Brent markalı neft yaxın günlərdə 70 dollardan aşağı düşəcək”.