Aşiq olmaq anlayışı yoxdur. Bu, insanların uydurduğu saysız-hesabsız yalanlardan sadəcə biridir.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə yazıçı Nadir Qocabəyli çıxış edib.
İnsanın hər şeyə şüurlu surətdə qərar verdiyini bildirən yazarın sözlərinə görə, insanların biri-birinə aşiq olması, yaxud vurulması da şüurlu şəkildə baş verir:
“Vurulmazdan qabaq onda şüuri və qeyri-şüuri proseslər gedir. Məsələn, sısqa bir adam yanında boy-buxunlu əri olan qadına vurulmağa cürət etmir, şüuraltı deyir ki, o cür əri ola-ola məni neynir? Kasıb adam varlının qızına vurulmağa cürət etmir, çünki bu sevdanın baş tutmayacağını gözəl anlayır. Ağıllı və namuslu kişi başa düşür ki, əgər gənc qıza vurulsa, başı ona qarışacaq və ailəsini, öz arvadını unudacaq, bu isə namusunu və ailəsini itirmək baxımından təhlükəlidir. Hətta fiziki baxımdan da təhlükəlidir. Gənc qızı təmin etmək lazımdır, yaşlının isə fiziki imkanları buna yetmir.
Ağıllı qadın başa düşür ki, əri ola-ola başqasına vurulmaq, ona bir neçə baxımdan ağır başa gələ bilər; ərini, uşaqlarını, hətta qohumlarını birdəfəlik itirə bilər, əvəzində isə heç nə qazanmaz, yaxud da qısamüddətli şeylər qazana bilər ki, bunun da cəfası səfasından çox olar. Yaxud ağıllı ərli qadın başa düşür ki, başqasına aşiq olmaq ona həyatı bahasına başa gələ bilər”.
Nadir Qocabəyli qeyd edib ki, filmlərdə, əsərlərdə, televiziyalarda, seriallarda göstərilən sevginin çox zaman real əsası olmur, yaxud həyat hadisələri təhrif olunur, tendensiyalı verilir:
“Eşq müəyyən mənada dəlilikdir və bu dəliliyin başqa dəliliklərdən fərqi yoxdur. Başqasının arvadına vurulan adamla başqasının əmlakına göz dikən, onun evini yandıran, uşağını qaçıran adam arasında ciddi fərq yoxdur. Buna manyaklıq da demək olar. Qeyri-real, qeyri-adekvat sevgi psixi pozuntudur əslində. Sevginin də hökmən sosial, iqtisadi, fiziki, estetik, hətta riyazi və digər əsasları olmalıdır. Əks halda, anormallıqdır. Sevgi azaddır deyib, kim kimə gəldi vurula bilməz. Qığılcım ancaq münbit, uyğun şəraitdə, bir çox parametrlər baxımından uyğun fərdlər arasında yarana bilər".