2 İyul 2018 19:15
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir.

Teleqraf.com xəbər verir ki, Ağdam rayonunda keçirilən layihənin açılış mərasiminə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və “İrəli” İB işçi heyəti, layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət etməklə başlayıblar.

Daha sonra Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa baş çəkiblər.

Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib.

Layihənin 2-ci günündə komandalar arasında maneəli qaçış tipli yarış keçirilib . Daha sonra "N” saylı hərbi hissənin zabit heyyəti tərəfindən teoriki və praktiki təlimlər baş tutub. Keçirilən təlimdə iştirakçılara silahla davranma qaydaları, taktiki və texniki xüsusiyyətləri öyrədilib. Təlim iştirakçıları silahın bütün xüsusiyyətlərini daha tez mənimsəmək üçün özləri avtomatları söküb-yığıblar. Günün ikinci yarısında isə Anar Məmmədov tərəfindən "Müharibəyə psixolojı hazırlıq” mövzusunda təlim keçirilib.

Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.

“MARŞ : İRƏLİ” - ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.

Layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər