Azərbaycan Cümhuriyyəti dönəmində hökumətin neft siyasəti tariximizin maraqlı səhifələrindəndir.
1914-1918-ci illərdə Azərbaycanda istifadədə olan neft kəmərlərinin ümumi uzunluğu 834,7 kilometrə çatırdı. Onun 525,9 kilometri Bakı-Batum neft kəmərinin Azərbaycan sahəsinin, 263,5 kilometri Abşeron yarımadasındakı neft kəmərlərinin, 44,3 kilometri Dəllər-Gədəbəy neft kəmərinin payına düşürdü.
Bakı şəhərini Cümhuriyyətə qədər – 1917-ci ilin martından 1918-ci ilin 31 iyuluna qədər “Bakı Soveti” adlı işğalçı hakimiyyət orqanı idarə edirdi.
Rusiyanın Cənubi Qafqazda gerçəkləşdirdiyi plan nəticəsində aprelin 25-də Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. Bu dövrdə BXKS Moskvanın göstərişi ilə Azərbaycanın sərvətlərini talamaq üçün neft sənayesini milliləşdirdi və Bakı neftini Rusiyaya göndərdi.
1917-ci ilin noyabrından 1918-ci ilin martınadək Rusiyaya 4 milyon 313 min pud neft daşındığı halda, 1918-ci il aprelin başlanğıcından iyulun sonunadək 80 milyon 25 min pud neft göndərildi.
1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə “Sentrokaspi” adlı hökumət quruldu. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyətcə Bakı Xalq Komissarları Sovetininki kimi Azərbaycana qarşı idi, çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yolu nəzarətə götürmək niyyəti güdən bu hökumət ermənilərə və başqa qüvvələrə arxalanırdı.
Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri azad edildikdən sonra Azərbaycan milli hökuməti Bakıda nəzarəti ələ ala bildi. Həmin gün ingilis qoşunları Bakını tərk etməyə məcbur oldu. General Denstervilin Bakı missiyası uğursuzluqla nəticələndi. Yarıtmazlığına görə İngiltərə hakimiyyəti onu vəzifəsindən götürdü, ordusunu isə buraxdı. Britaniya Müdafiə Nazirliyinin gizli göstərişinə görə onun hərbi hissələri Bakını tərk edərkən neft kəmərini dağıtmalı və neft anbarını partlatmalı idilər, ancaq onlar təcili qaçmağa məcbur olduqlarına görə bu əmri yerinə yetirməyə vaxt tapa bilməmişdilər.
Lakin Osmanlının I Dünya müharibəsindəki məğlubiyyəti nəticəsində türk qoşunları Bakıdan çıxmağa məcbur oldular. General Tomsonun rəhbərliyi ilə ingilis qoşunları Bakıya gəldilər. Bakıya gəldiyinin elə ilk günü – 17 noyabrda general Tomson “Bakı şəhərində hərbi vəziyyətin tətbiqi haqqında məcburu qərar” elan etdi.
Belə bir şəraitdə Azərbaycan Hökuməti Tomsonun rəhbərliyi ilə ingilislərin Bakıda həyata keçirdikləri fəaliyyətə müdaxilə edə bilmirdilər. Osmanlı və Almaniya kimi iki güclü dövləti məğlub edən və bunun nəticəsində Bakıya nəzarəti də ələ keçirən Britaniya qarşısında müqavimət göstərmək milli Azərbaycan Hökuməti üçün heç cür mümkün deyildi.
1918-ci il noyabrın 29-dan Xəzər donanmasının bütün ticarət gəmiləri ingilis komandanlığının sərəncamına keçdi. Ticarət donanmasını idarə etmək üçün başda mayor Braun olmaqla “İngiltərə Dəniz Nəqliyyatı” şirkəti təsis olundu. İngilislər sərəncamlarında olan Bakı ticarət limanının maliyyələşdirilməsini Azərbaycan Hökumətinin öhdəsinə buraxmışdı. Neft sənayesini də nəzarətdə saxlamağa çalışan ingilislər tezliklə “Britaniya Neft İdarəsi”ni təsis etdilər. 1918-ci ilin dekabrından 1919-cu ilin avqustuna qədər ingilislər Bakıdan 113,5 milyon manatlıq 30 milyon puda qədər neft apardılar. Onların göstərişi ilə Bakıdan daşınan bütün neft məhsullarına heç bir aksiz rüsumları qoyulmur və bütün yüklər maneəsiz buraxılırdı. General Tomson ingilis zabitlərini yoxlamağı Azərbaycan Cümhuriyyətinin dəmir yolu işçilərinə qadağan etmişdi.
Bakı-Batum boru kəməri
Azərbaycan Cümhuriyyətinin elan edilməsindən sonra hökumətin bağladığı ilk müqavilələrdə neft məsələsi əhəmiyyət kəsb edir.
1918-ci il iyunun 4-də Batumda Azərbaycan, Gürcüstan və Osmanlı nümayəndələri saziş imzaladılar. Sazişə görə, tərəflər öz ərazilərində ağ neft kəmərinin normal fəaliyyətini təmin etməyi öhdələrinə götürdülər. Tərəflər həmçinin, boru kəmərinin istismarından əldə edilən gəliri kəmərin öz ərazilərindəki uzunluğuna uyğun olaraq bölməyi razılaşdırdılar və bu sazişin detallarını müəyyənləşdirmək üçün Məhəmmədhəsən Hacınski, Məhəmmədəmin Rəsulzadə, N.Ramişvili, Q.Qvazava, Xəlil paşa və Vəhib paşadan ibarət komissiya yaratdılar. 1918-ci ilin noyabrında Cənubi Qafqaz dəmir yolları, eləcə də Bakı-Batum boru kəməri ingilis komandanlığının sərəncamına keçdi, ingilislər bunların vasitəsilə qısa müddət ərzində 21,1 milyon pud neft daşıyıb apardılar. Azərbaycan Cümhuriyyəti Hökuməti yalnız 1919-cu ilin yazında Batum limanı vasitəsilə xarici bazara neft və neft məhsulları ixrac etmək imkanı əldə edə bildi. Bununla bağlı mayın 26-da Bakı-Batum boru kəməri ilə xam neft nəqlindən kerosin nəqlinə keçmək haqqında qərar verildi. 1919-cu il oktyabrın 26-da Azərbaycan Parlamentinin iclasında bu barədə məlumat verən yollar naziri Xudadat bəy Məlik-Aslanov bildirdi ki, hazırda Bakı-Batum boru kəməri normal işləyir və Hökumətə ayda 4 milyon rubl gəlir gətirir. Boru kəməri ilə 1919-cu ilin ikinci yarısında 8,8 milyon pud, 1920-ci ilin ilk ayları ərzində isə 9,4 milyon pud kerosin nəql edilir.
Azərbaycan Cümhuriyyəti dönəmində neft sənayesinin idarə edilməsi ilə bağlı müxtəlif qurumlar yaradılır. Onlardan biri Bakı valiliyinin Neft Rüsumları üzrə Aksiz İdarəsi idi.
Azərbaycan Cümhuriyyətinin maliyyə sistemini möhkəmləndirmək məqsədilə yaradılmış bu qurum 1918-ci ilin oktyabrında fəaliyyətə başlayır. Vəzifəsi Bakı valiliyində neft rüsumlarını toplamaqdan ibarət idi. Azərbaycan Cümhuriyyəti hökumətinin 1919-cu il 20 yanvar tarixli qərarı ilə hər pud xam neftə 3, ağ neftə 5, benzin və sürtkü yağına 7 manat rüsum alınırdı.
Neft mədənləri sahiblərinə qaytarılır
1 oktyabr 1918-ci ildə Azərbaycan Cümhuriyyəti Hökuməti çox mühüm qanun qəbul edərək bolşeviklərin milliləşdirdiyi neft mədənlərini keçmiş yiyələrinə qaytarır. “Neft mədənlərinin sahiblərinə verilmək qanunu. Azərbaycan Cümhuriyyəti Vükəla Şurasının qərardadı” adlı tarixi sənəddə elan edilir:
“1) Bakı quberniyası dairəsində mədənlərin və bunlara müttəəlliq əmlak və ticarət donanmasının milliləşməsi və idarəsi barəsində sabiq Xalq Komissarları Şurası tərəfindən verilmiş qanun və fərmanlar fəsh olunur.
2) Mədənlərə, zavodlara və bunlarda məxsus əmlaka malik olmaq və idarə etmək haqqı, bunlardakı neft ehtiyatının və məhsulatının miqdarı təyin edildikdən sonra sahiblərinə və yaxud müvəkkilllərinə veriləcəkdir.
3) Hamı firma sahibləri və müdirləri idarəsində olan neftin və neft məhsulatının miqdarı barəsində Ticarət və Sənaət Nəzarətinə məlumat verməlidir.
4) Firmalarda mövcud olan neft ehtiyatı, neft məhsulatı hökumət tərəfindən bu barədə xüsusi qanun verilənədək sahiblərinə və müdirlərinə tapşırılıb hökumətin ixtiyarında qalmalıdır. Firma sahiblərinə və müdirlərinə, ticarət və sənaət nazirindən icazəsiz bu şeyləri nəql etdirmək mən’ edilir.
5) Bu qanunun həyata tətbiq edilməsi ticarət və sənaət nazirinə mühəvvəl olunur”
Bu qanundan da göründüyü kimi, Azərbaycan Cümhuriyyəti Hökuməti bolşeviklərin neftin milliləşdirmə siyasətini ləğv edərək neft mədənlərini sahibkarlara geri qaytarıb.
Təəssüf ki, 27 aprel işğalı Azərbaycan Cümhuriyyətinin neft siyasətini tamamlamağa imkan vermədi.