Bəzi araşdırmaçıların fikirlərinə və düşüncələrinə görə Azərbaycanda ərəb adlı yaşayış məntəqələrində yaşayan insanlar ərəb kökənlidirlər. Amma mən bunun tam əksini iddia edirəm və belə fikirlərin yanlış olması ilə bərabər ziyanlı sayıram. Onların yalnış düşüncələrinə görə, bu məntəqələrdə yaşayan vətəndaşlarımızın bir qismi ərəbcə bilir, qalanlarının da assimilyasiya olaraq türkləşiblər.
Bunu Teleqraf.com-a Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndi deyib.
Partiya yetkilisi qeyd edib ki, Azərbaycanda yaşayan bütün qeyri-türk xalqlar isitisnasız olaraq öz doğma dillərində danışırlar:
“Ən azsaylı xalqlar da öz ana dillərini unutmayıblar. Həmim məntəqələrdə yaşayan vətəndaşlarımızın nə indi, nə də keçmişlərdə ərəb dilində danışdıqları barədə heç bir tarixi fakt ,yazılı mənbə və ya digər sübutlar yoxdur. Ölkəmizdə yaşayan azsaylı xalqlarımızın öz ana dilində danışmaları türklərin nə qədər tolerant və başqa xalqların dil və mədəniyyətinə diqqətlə yanaşmasının nəticəsi kimi dəyərləndirmək olar.
Sayca çox az olan xalqlarımızın öz doğma dilini qoruyub saxlanması üçün köməkçi vasitələrin olmadığı sovet dövründə bu dillərin assimilyasiya olması üçün hər bir şəraitin olduğu halda onlar öz dillərini qoruyub saxlaya biliblər. Yəni ana dilində məktəb, ədəbiyyat, dərnək, mətbuatın olmadığı halda xalqlar öz dilini qoruyub saxlayıblar. Avar, qırız, çaxur, ingiloy, udin dilləri də bu qəbildəndir. Sayca daha çox olan ləzgi və talışları nümunə göstərməməyimin səbəbi isə adıçəkilən xalqların qonşu ölkələrdə dövləti olan soydaşlarının olmasıyla bağlıdır”.
Vasif Əfəndi qeyd edib ki, ərəb dili həm keçmişimizdə, həm də bu gün məişət həyatımızda geniş istifadə olunur:
“Müsəlman olmağımıza görə, hər birimizin evində ərəb dilində yazılmış “Qurani-Kərim”in olması, bütün dini ayinlərimizin , evlilikdən tutmuş yas mərasimlərimizə qədər bütün tədbirlərin bu günki günümüzdə də ərəbcə aparılması çox tutarlı səbəbdir ki, soy kökü ərəb olan və toplum şəkilində yaşayan xalq dilini qoruyub saxlasın. Ərəb dilinin Şirvanda hakim olduğu zamanlarda türk şairləri ərəb dilində şeirlər və fəlsəfi əsərlər yazdıqları halda, bu şairlərin heç birinin ərəb kökənli olması faktı yoxdur.
Bu gün isə ədəbi dilimizdə ərəb dilinin çox böyük faizlə yer aldığı faktdır. Buna görə də ərəblərin dilinin itməsi iddiasının heç bir elmi və məntiqi əsası yoxdur.
Ərəb adında olan yaşayış məntəqələrində yaşayan xalqlar tamamilə türkdür. Onların ləhcələrində fərqli boğazların olmasının səbəbi isə türkman olmalarıdır. Suriya və İraqda yaşayan türkmanların bir qismi Osmanlı imperiyasının zəifələməsinə görə türklərin daha sıx yaşadıqları və daha təhlükəsiz yerlərə köç ediblər.
Şirvanşahlar hakimiyyəti illərində bu torpaqlarda əmin-amanlığın təmin olunması Suriya və İraq türkmanlarının bu yerlərə pənah gətirməsi ilə nəticələnib”.