Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatının açılış mərasiminə qatılacaq.
Teleqraf.com xəbər verir ki, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.
Daha çox “Felisita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.
Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb. Al Bano Karrizi, həmçinin, 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.
Xatırladaq ki, Bakıda təşkil olunacaq Cüdo üzrə Dünya Çempionatı 20 - 27 sentyabrda keçiriləcək.
Yarış üçün biletləri "Asan Xidmət" mərkəzləri, şəhərin bütün kassaları, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1 və 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün 2 və 10 manat, VİP yerlərə isə 50 manatdır.