“Azərsun Holdinq” İraqda öz yurdlarından didərgin düşərək Ərbil şəhərində məskunlaşan türkmənlərə böyük yardım karvanı göndərib.
Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, ötən həftənin sonu ünvana yetişən məhsulların paylanılması dünən yekunlaşıb.
Şirkət tərəfindən türkmən qaçqınlar üçün göndərilən yardımlar Ərbil, Mosul, Təlafer, Sincar və digər yaşayış məntəqələrinə də paylanıb.
Zəruri məhsulların ehtiyacı olan insanlara paylanmasında iştirak edən Ərbilin türkmən millət vəkili Aydın Maruf belə bir çətin məqamda onlara yardım əlini uzadan Azərbaycana və “Azərsun Holdinq”ə öz minnətdarlığını bildirib.
Şirkətin İraq təmsilçisi isə türkmənlərin yalnız olmadığını və onlara gələcəkdə də hər cür yardımın göstəriləcəyini söyləyib.