Məhərrəm ayının gəlişi və Aşura gününün yaxınlaşması əlaqədar qanvermə, donorluq məsələsi gündəmi məşğul edir. Kimlər donor ola bilər? Donorluq necə həyata keçirilir? Onun hansı faydaları var?
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Teleqraf.com-a açıqlamasında deyib ki, ilk növbədə donor sağlam olmalıdır: “Hər bir insan donor ola bilməz. Hemoqlobini, qan təzyiqi aşağı, bədən çəkisi az, xəstəliyi olan, ağır cərrahi əməliyyat keçirmiş insanların qan verməsi məqsədəuyğun sayılmır. Eyni zamanda şəxs yaxın zamanda xaricdə olubsa, onu qanvermədən uzaqlaşdırırıq, çünki səfər müddətində gizli xəstəliyə yoluxa bilər ki, bu, 4-5 ay özünü büruzə vermir.
Donordan alınan qan tam təhlükəsiz, sağlam qan olmalıdır. Birinci, həkim tərəfindən sorğu aparılır, müraciət edənlərin xəstəlikləri, xarici səfərləri, qadınlarda aybaşı, doğuşdan sonra halları öyrənilir. Sonra isə hemoqlobinin səviyyəsi yoxlanılır. Tam əmin olduqdan sonra o, qanverməyə buraxılır.
Qan vermə bankasının yanında sınaq bankası var ki, qan ora götürülür və 4 infeksiya üçün müayinə aparılır. Bu qanların təmiz olduğu, infeksiyaya yoluxmadığı təsdiqləndikdən sonra sertifikat vurulur və ehtiyacı olan insana çatdırılır. Şübhə olsa, o qan kənarlaşdırılır” .
Həkim vurğulayıb ki, daimi donorların elektron siyahıları tərtib olunub. Hər hansı xəstəliyi olan insan orada qeyd olunur və o, artıq heç yerdə donor ola bilməz.
Zöhrə Əlimirzəyeva donorluğun faydalarından danışarkən bildirib ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, mütəmadi qan donorlarında ürək-damar xəstəliklərinə rast gəlmə riski xeyli azalır: “Digər tərəfdən, bu insan həkim tərəfindən müayinədən keçir, infeksiyaları yoxlanılır. Qan verdikcə qan hüceyrələri yenilənir və tez bərpa olunur.
Ən başlıcası isə bunun mənəvi tərəfidir. Tanımadığın bir insana, körpəyə, anaya, yaşlı bir insana, onkoloji xəstəyə yardım edirsən. Hər il ÜST donor günü keçirir. Burada “Qan ver, xilas et”, “Hər bir qan donor qəhrəmandır”, “Analara kömək edək” kimi şüarlar insanları donor olmağa səsləyir. Donorlar fədakar insanlardır”.
Pul müqabilində donorluğa müsbət baxmadığını bildirən Zöhrə Əlimirzəyevanın sözlərinə görə, belə adam xəstəliyi varsa, onu gizlətməyəcək: “Maddi tərəfi fikirləşərək qan verənlərinsə xəstəliyini gizlətmək ehtimalı var.
İlboyu donorluq ona görə lazımdır ki, qan ehtiyatı daima yenilənir. Qadınlar ildə 4, kişilər 5 dəfə qan verə bilər”.