Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün Ağsu rayonunda vətəndaşları qəbul edib.
DSMF-nin Ağsu rayon şöbəsinin inzibati binasında təşkil olunan qəbulda Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.
E. Mehdiyev fondun məsul əməkdaşlarının, eləcə də Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayon şöbə müdirlərinin iştirakı ilə keçirdiyi qəbulda ümumilikdə 40-a yaxın vətəndaşın müraciətinə baxıb.
“Açıq qapı” şəraitində davam edən görüşdə vətəndaşların müraciətləri əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və E. Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün fondun müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin qurumun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
/APA/