14 Sentyabr 2018 20:54
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivinə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:

"Sizi “Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən “Azərbaycan” qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır.

XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş “Azərbaycan” qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən “Azərbaycan” qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanklar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi bacarmalıdır. Əminəm ki, “Azərbaycan” qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər