Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev sentyabrın 10-dan 13-dək Özbəkistanda səfərdə olub. O, Daşkənddə BMT-nin xətti ilə keçirilən “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu” mövzusunda konfransda iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azay Quliyev Özbəkistan parlamentinin sədr müavini Sərvər Otamuradovla ATƏT PA ilə Özbəkistan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə Özbəkistanın ATƏT PA-dakı hazırkı hüquqi statusu, mövcud problemlər və Assambleya ilə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Azay Quliyev Özbəkistanın ATƏT PA üçün çox önəmli üzv ölkə olduğunu və son zamanlar burada aparılan islahatları yüksək qiymətləndirdiyini bildirib, Özbəkistanı ATƏT PA-nın tədbirlərində və işçi strukturlarında fəal iştirak etməyə dəvət edib. Vitse-prezident onu da xüsusi olaraq qeyd edib ki, ATƏT PA Özbəkistanın qurumda fəaliyyətini tam bərpa etməsi üçün bir sıra güzəştləri tətbiq etməyə və bu istiqamətdə hər cür köməyə hazırdır.
Azay Quliyev beynəlxalq terrorizmlə mübarizədə oynadığı vacib rolu nəzərə alaraq, Özbəkistanın ATƏT PA-nın Terrorizmlə mübarizə üzrə Ad Hoc Komitəsində təmsil olunmasını təklif edib. O, keçən il təsis olunan ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu haqqında Sərvər Otamuradova ətraflı məlumat verib və Özbəkistanın qrupa üzv olmasının qarşılıqlı maraqlara və aparılan siyasətə tam cavab verəcəyini vurğulayıb.
Özbəkistan parlamentinin sədr müavini Sərvər Otamuradov ATƏT PA ilə Özbəkistan arasında əlaqələrin bərpa olunması və mövcud problemlərin həllində yaxından iştirakına və göstərdiyi dəstəyə görə Azay Quliyevə təşəkkür edib. O bildirib ki, Özbəkistan ATƏT PA-da fəaliyyətini tam bərpa etmək istəyir və yaxın zamanlarda bunun üçün lazım olan bütün zəruri addımlar atılacaq. Sərvər Otamuradov Terrorizmlə mübarizə üzrə Ad Hoc Komitəsinə və İpək Yoluna Dəstək Qrupuna üzv olmaq təklifini müsbət qarşılayıb və hər iki məsələ haqqında qısa müddət ərzində müvafiq qərarlar veriləcəyini diqqətə çatdırıb.
Görüşdə hər iki ölkənin Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.
Azay Quliyev Azərbaycan Milli Məclisində Özbəkistanla dostluq qrupunun fəaliyyət göstərdiyini, Özbəkistan Ali Məclisində də Azərbaycanla Dostluq Qrupunun yaradılması təklifini irəli sürüb. Azay Quliyev Özbəkistanın türkdilli ölkələrinin əməkdaşlıq platformalarına, xüsusilə TÜRKPA-ya qoşulacağına ümid etdiyini bildirib.
Hər iki təklif Özbəkistan parlamentinin rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.