“Bütün obrazları sildim və yenidən yaratdım. Həyatlarımızı tanışlığımıza qədər bir-birimizə hədiyyə veririk...”
Bu cümlələr kitab halında çapdan çıxmış “Edam" romanındandır. Onu maşın park olunan yerdə çalışan yazar qələmə alıb. Bəlkə buna təəccüblənənlər olacaq. Sonda biləcəksiniz ki, o, niyə maşın parklama yerində işləyir.
İsmayıl Sabir adlı yazarla bir neçə gün əvvəl sosial şəbəkədə paylaşdığı bir statusdan yola çıxdıq. Maraqlıdır, bu gənc kimdir, necə yazır və yaşayır?
1996-cı ildə Bakı şəhərində anadan olan 23 yaşlı İsmayıl Sabir “Edam” adlı roman yazıb. 9 il musiqi məktəbində təhsili alıb, əsgərlikdən sonra “Edam”ı yox, “Səbəbkar”adlı roman yazmaq istəyib, amma əsərdə İran həyatından, İraqla toqquşma cəbhəsindən söhbət açacağı üçün çəkinib.
- Niyə musiqi təhsilini davam etdirmədiniz?
- Fortepiano ilə məşğul olmuşam. Bir xasiyyətim var, həvəsim bitdisə, daha o sahəyə köklənə, həvəsimi geri qaytara bilmirəm. Bu dəfə də belə oldu. Sadəcə istəmədim... Atam-anam hər ikisi müəllimdir, atam musiqi müəllimidir. Mən uşaqlıdan skripkaya meyl edirdim. Əlim sındığı üçün həvəsim öldü.
- Deyəsən, sizin həvəsiniz hər şeyə tez keçir. Bəlkə zamanla yazıya da marağınız azalacaq?
- Mən hələ özümü tapa bilməmişəm. Bəlkə də insan özünü heç vaxt tapmır, həmişə axtarışda olur. Yaradıcı adamlar başqalarından fərqlənir. Yaxın zamanda bir animasiya filminə baxırdım, orda deyilirdi ki, adi insanlar xoşbəxtliyi iki il qabaqdan görür, yaradıcı kəslər üçünsə xoşbəxtlik sonsuzdur, daha doğrusu, xoşbəxtlik anla gəlir. Həyat anı yaşamaqdan ibarətdir.
- Yəqin o xoşbəxt anı tapa bilmirsiniz deyə yazmaq istəyirsiniz...
- Uşaq vaxtdan yazmağı sevirəm. 6 yaşımda İlham və Fərizə haqqında 12 vərəqlik dəftər doldurmuşdum. Hekayə idi.
“Hop-hopnamə”ni tam oxumamışam, Sabirin isə aşiqiyəm
- Yazmaqdan da bezsəniz?..
- Yazmağı heç vaxt atmaram. Özümü yazıda tapmışam. Mən İsmayıl idim, Sabiri özümü yaratdım. İnsanların çoxu məni Sabir kimi tanıyırlar. Mən Sabir təxəllüsünü M.Ə.Sabirdən bir kəlməsinə görə götürmüşəm. “Hop-hopnamə”ni axıra qədər oxumamışam, amma Sabir aşiqiyəm.
- Bəzi gənc yazarlar klassiklərə inanmır, onların yolunu davam etdirmək istəmirlər.
- Klassiklər vaxtında yaşayıb yaradıblar, öz dövrlərində məşhur olublar. Bir çoxu ilə razılaşıram. Bəyənmədiyim bircə Səməd Vurğundur. Səbəbi isə sözünü sonradan dəyişməsidir.
- Sizə roman yazmaq sifarişi versələr, nə edərsiz?
- Mən heç vaxt sifarişli əsər yazmayacağam.
Siqaret çəkmək üçün izn istəyir. Otaqda buna icazə verilmədiyini, üstəlik, siqaretin zərərli olduğunu deyirəm.
- Siqaret zərərli vərdiş deyil –mənim üçün zərərli vərdiş kiminsə həyatına daxil olub, onu məhv etməkdir.
- Gələk hələ ki yazdığınız ilk kitaba. Mövzunu hardan götürmüsünüz? Təbii ki, oxumayanlar da var, qısa məzmun necədir?
-“Edam” trilogiyanın birinci hissəsidir. Məzmunu belədir ki, bir gənc öz sevgilisini qolları arasında itirir, 7 il sonra qarşısına bir qadın çıxır, ona öz yaşadığı faciəni təkrar yaşadır. Kitabı yazarkən nədəndə “Tarqovı”da çox gəzirdim. Mənə elə gəlirdi, qəhrəmanım onların arasındadır.
Minə yaxın kitab oxudum
- Ali təhsil almamağınız yazmaqda sizə çətinlik yaratmırmı? Kitab oxuyursunuzmu?
- Son bir ildə heç bir kitab oxumamışam. Halbuki kitab oxumağa ikinci sinifdən başlamışam. İndi az mütaliə edirəm. Əvvəl qarşıma nə çıxsa oxuyurdum. İki əvvəl dünya ədəbiyyatına başladım. İndiyə qədər minə yaxın kitab oxumuşam. Buna görən anama borcluyam. İlk müəllimim anam olub.
- Ata-ananız ali təhsillidir, nə yaxşı sizi də ali təhsilə yönləndirməyiblər. Bundan sonra oxumaq istərdinizmi?
- Hə. Amma mən Azərbaycanda təhsil almaq istəmirəm, xaricə getməyi arzulayıram.
- Harda işləyirsiniz?
- Maşınların park olunduğu yerdə. Birincisi işə ehtiyacım var, ikincisi, kitabımın satılmağına köməkdir, insanlarla ünsiyyətdə oluram. Belə deyək, maddi və mənəvi ehtiyac üçün burda işləyirəm. Kitabımı xeyir məqsədilə satıram ki, kiməsə kömək edə bilim. Əlbəttə, maddi ehtiyacım var, amma əsl səbəb odur ki, bura hər cür insan gəlir, onlarla qarşılaşmaq mənə çox maraqlıdır. Kitabım çapdan çıxanda bir xanım mənə zəng elədi. Yeganə oxucum oldu ki, birinci kitabda olan tərs köşəni tutdu.
- Belə çıxır ki, bu kitabı təkcə bir nəfər başa düşüb, narahat deyilsiz?
- Geniş kütlə üçün yazmıram. Hətta məni başa düşməyənlər də var. Kitabda mən vulqar sözlərdən də istifadə etmişəm.
- Bəlkə məşhurlaşmaq niyyətiniz var deyə belə sözlərdən istifadə etmisiniz?
- Məhşurlaşmaq niyyətim olsaydı kitabımda erotika, yaxud porno elementlər bol olardı. Bizim cəmiyyətin 80 faizi porno acıdır. Amma acdır deyə ondan istifadə etmək düz deyil. Misal üçün, Rövşən Abdullaoğlu oxucu nə istəyir, onu da yazır. Bu zaman ortaya çıxan bir şey halva olur, halvanı da oxucu asan həzm edir. Hazırda mən tanıdığım elə yazarlar var ki, öz yazdıqları romanı 500-600 manata başqa adama satır.
- Yazmaq şansınız varsa, niyə mətbuatda işləmirsiniz?
- Sadəcə istək yoxdur. İnsan çox olan yerə qaçıram. İş yerində hətta mübahisə də edirəm, fikirlərimi bölüşürəm. Hər çatanla söhbət etmirəm. İki aya yaxındır işləyirəm, tanışın indi-indi çoxalır. Bir neçə il ofisiant işləmişəm, müxtəlif insanlar görmüşəm. Parklanma yerində saat axşam saat 10-dan sonra gördüyüm insanlar, hadisələr daha qəribədir.
- Hər gələn müştəri sürücü ilə söhbət edirsiniz?
- Bəzən söhbət mübahisəyə də çevrilir. Park ödənişi tələb edəndə, bəziləri insan cildindən çıxır...
“Etiraf edirəm, “Edam” mənim həyatımdır”
- 23 yaşınız var, həyat sizin üçün təzə başlayır, amma siz özünüzü çox yaşlı, dünyagörmüş biri kimi göstərirsiniz.
- Həyatımın 4 dramı var. Etiraf edirəm ki, “Edam” romanı mənim öz həyatımdan bəhs edir. 7 il qabaq sevdiyim qızı qollarımın arasında itirdim, ondan sonra ən yaxın dostumun maşında yanaraq öldüyü xəbərini eşitdim, sonra nənəmi itirdim, 7 il sonra 7 il qabaq itirdiyim sandığım insanın yaşadığını öyrəndim. Onun dəfninə getməmişdim, hətta dəfn olduğu yeri öyrənmədim, çünki əmin idim ki, bilsəm gedib orda özümü öldürəcəm.
- O zaman neçə yaşınız var idi?
- On beş yaşım vardı. İntihara meyllik məndə 17 yaşına qədər olub, sonra həyatı sevməyə başlamışam.
- 7 il sonra onu tapanda nə etdiniz?
- Bir sual verdim, cavabın aldım və həyatımdan sildim.
- Əminəm ki, 10 il sonra siz bu düşüncədə olmayacaqsınız, yoxsa özünüzü artıq müdrik hiss edirsiniz?
- Yaşadıqlarım mənə kifayət edir...
- Nə planlarınız var?
- Növbəti kitabları çıxarmaq istəyirəm. “Edam” çap olunub. İkinci kitabın hazırlığı gedir, dekabrın axırında, ya da yanvarın əvvəllərində “Sarı” adlı kitab çapdan çıxmalıdır. Daha sonra trilogiyanın üçüncü, son kitabını çap edəcəyəm.
- Həyatda dəyişə bilməyəcəyiniz nələr var?
- Keçmişim.
- Keçmişə çox bağlı qalırsınız.
- Hamı irad bildirir, amma bu, məndən asılı deyil.
- Yazmağa vaxt tapa bilirsinizmi?
- Hər gün işləyə bilmirəm. Açıq deyim ki, mən kitabı yazanda içkili oluram.
- Niyə içib yazırsınız?
- İçki insanın şüuraltısını üzə çıxarır.
- Şablon olsa da, ilham mənbəyiniz kimdir, nədir?
- Anamın gözləri mənə stimul verib.
- İndi sizə stimul verən biri yoxdur?..
- İnsan sevəndə hər şeydən uzaqlaşır, keyləşir, manqurtlaşır. Mən sənətimə görə sevgini qurban verməyə hazıram.