Bu gün bir çox müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da Aşura günüdür. Hər il olduğu kimi bu gün də müxtəlif dini mərasimlər həyata keçirilir.
Bu mərasimlərin cəmiyyətə, xüsusən də azyaşlı uşaqlara mənəvi, psixoloji təsiri barədə Teleqraf.com-a sosioloq Cavid İmamoğlu danışıb.
Onun sözlərinə görə, ölkə müsəlmanlarının Aşura günü peyğəmbər ailəsinin kədərinə şərik olmaq məqsədilə keçirilən tədbirlər dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda normal keçirilir: “Nəzərə alsaq ki, Pakistanda, Hindistanda baş yarmaq kimi adətlər var. Bizdə isə qan vermə aksiyalarına üstünlük verilir ki, bu, böyük addımdır.
Qanvermə aksiyası xəstə insanlara biganə qalmamağın, qayğının, birliyin, həmrəyliyin simvoludur. Eyni zamanda ölümü tərənnüm etməklə bərabər dinin dünyadakı insanları yaşatmaq üçün verdiyi mesajdır. Təbii ki, ölkə ruhanilərinin bu istiqamətdə rolu var. Ölkənin imam-camaatları, ruhaniləri , fikir adamları və ziyalıları Aşura mərasimlərinin həmişə başında olub, liderlik ediblər. Öz hədəflərindən, missiyalarından yayınmayıblar.
Ümumilikdə götürsək, Aşura günündə ictimai kədərin bu formada göstərilməsi, peyğəmbər ailəsinə sevgi və məhəbbətin, qəmli günlərin izharı cəmiyyət baxımından həmrəyliyin nümayiş olunmasına gətirib çıxaracaq amillərdən hesab olunur.
Birlik anlayışı, toplumun formalaşması üçün, xüsusən də bu cür kütləvi şəkildə insanların bir araya toplanması, öz kədərlərini bildirməsi, emosionallıqlarını büruzə vermələri yaxşı bir şeydir. Təbii ki, insanlar hardasa qan tökür, yaxud qeyri-rasional hərəkət edirlərsə, bunlar nə dini, nə də Aşura günlərinin konsepsiyasına uyğun deyil”.
Sosioloq Aşura günündə balaca uşaqları mərasimlərə aparılmasına münasibət bildirib: “Azyaşlı uşaqların olduğu aşura məscidlərində məscidin rəhbərləri, dini icmanın nümayəndələri, o cümlədən də ruhanilər diqqətli olmalıdırlar ki, səslənən xütbələrdə, dini mərsiyələrdə və ya göstərilən şəbəhlərdə uşaqların emosional durumuna təsir edəcək bir vəziyyət olmasın. Burda valideynlər diqqətli olmalıdırlar”.