Əvvəli burada
Gördüyüm üç türkdən biri gələcəkdə Azərbaycanın Paris nümayəndəsi olacaq Əlimərdan Topçubaşov idi. Bu şəxs o il hüquq fakultəsini bitirmiş, dövlət imtahanı vermək ərəfəsində idi. Digər ikisi də yol mühəndisliyi diplomu almaq ərəfəsində idilər. Onlardan öyrəndim ki, dördüncü türk tələbə də varmış. Sabiq Qafqaz Şeyxülislamının oğlu Hüseynzadə Əli bəy. Bu şəxs o zaman təbiyyət fakultəsini bitirərək İstanbula getmiş, orada qalacaqmış.
Biz beləcə söhbət edərkən yataqxananın başçısı yanıma gələrək qolunu qoluma atdı və məni gəzdirərək qulağıma pıçıldadı:
- Hansı “peçinka”ya mənsubsunuz?
Mən “peçinka”nın nə olduğunu bilirdim və ona mənsub olmaq əvvəldən də xəyalımı oxşayırdı. Fəqət bunu etmək üçün nə vaxt oldu, nə də yaxından tanıdığım biri.
- Hələ heç birinə mənsub deyiləm. Fəqət olmaq istəyərəm.
- Hansını tərcih edirsiniz?
- İnqilabçı xalq firqəsini.
- Yaxşı, mən sənə bələdçilik edəcək birini göndərərəm.
Sağollaşdıq.
O zamanlar Rusiyada çoxlu gizli siyasi firqələr vardı. Kommunizm isə hələ yeni təbliğata başlamışdı. Fəqət hökumət bu təşəkkülləri şiddətlə rədd və təqib etdiyi üçün hamısı gizli fəaliyyət göstərirdi. Firqələrin hamısı üçlük əsasında qurulmaqda idi. Yəni hər hansı bir firqəyə mənsub olan biri öz tərəfindən iki adam tapıb bir üçlük təşkil edər və bunlar firqə naminə ondan başqa kimsəni tanımaz və bilməzlər. Firqə ilə onlar arasında vasitə olur, firqənin bütün qərarlarını, əmrlərini o təbliğ edər, əməl və hərəkətlərdə yalnız ona tabe olardılar. Bu surətlə eyni mühitdə olan bir çox kimsələr digərlərindən xəbərdar olmadan eyni firqəyə mənsub olur, eyni direktivlər üzərinə hərəkət edərdilər. On minlərlə tələbədən bircə nəfər də yox idi ki, bu təşəkküllərdən birinə mənsub olmasın. Mühitdə əsən rüzgar, mühitin tənəffüs etdiyi hava o qədər təmiz və pak idi ki, mənə edilən təklif hər tələbəyə edilə bilir, dəvət oluna bilirdi. Hər kəs əmin idi ki, xəyanət alçaqlığına uğramaz. Nadirən uğranıldığı halda xain xəyanətini əksərən həyatı ilə ödəyərdi.
O gecə dostlardan birinin evinə dəvətli idim. Avqust ayı olduğu üçün Peterburqun bəyaz gecələrini yaşayırdıq. Saat 9, 10, 11 olsa da, hələ axşam düşmür, qaranlıq olmurdu. Saat 12 oldu, günəş hələ üfiqdədir. Fəqət onun üfiqdən çəkilməsi ilə geri dönməsi arasında mühüm bir fasilə yox idi ki… Yalnız hər şeyin üzərinə çəkilmiş, kirli, ağ və qaranın qarışığından ibarət tox rəngli jaket. Bu necə bir naxoş boya! Cənubun parlaq günəşi və qapqara gecələri içində tərbiyə edilmiş sinirlər üzərinə…
(Ağaoğlunun Peterburqdakı xatirələri burada qırılır. Oğlu Səməd Ağaoğlu bununla bağlı qeyd verib: “Atamın Peterburqdakı tələbəlik həyatına aid bu hissə burada birdənbirə kəsilir və sonra digər qism başlayır. Ölümündən sonra bu əksik qismi axtardıq, lakin tapa bilmədik. Bundan sonra gələn qismin əvvəlində bəhs etdiyi haqsızlıq bizə bir neçə dəfə anlatdığı bu hadisədir: Texnologiya İnstitutunun bütün imtahanlarını müvəffəqiyyətlə verir. Yalnız son cəbr imtahanında professorun verdiyi məsələni proqramın xaricində olan və daha ali bir dərəcədə öyrənilən bir formula ilə həll edir. Professor bu formulanın hansı şəkildə isbat edildiyini soruşur və atam bunun proqram xarici olduğunu söyləyincə, professor “belə isə niyə bu formula ilə sizə verdiyim bir məsələni həll etdiniz?” deyərək atamı rədd edir. Axırda anlaşılır ki, professor qatı yəhudi düşmənidir və atamı yəhudi zənn edərək bu formula işini rədd etmək üçün bəhanə etmiş!)
Peterburq ilə Paris arasında
Mənə qarşı edilən haqsızlıq məni yandırıb yaxırdı. Xəyal qırıqlığına bir də izzəti-nəfs qırıqlığı qarışıb məni yandırırdı. Hiddətim o dərəcə idi ki, bütün Rusiyanı bir qaşıq suda boğmağa hazır idim. Çardan tutmuş nihilistinə, universitetindən professoruna, mətbuatından ədəbiyyatına, dilindən elminə qədər rus adı, rus qoxusu daşıyan hər kəsə, hər şeyə qarşı dərin bir nifrət, bir qeyz, ədavət bəsləyirdim.
Xeyr, xeyr, mən burada qala bilmərəm. Mən Peterburqda yaşaya bilmərəm. Mütləq getməliyəm. Fəqət hara, necə?
19 yaşım ancaq olardı. Ah, o yaşın verdiyi yüksək cəsarət, hərarət, laqeydlik və girişkənlik! Bir səs içimdən “Paris, Paris” deyə hayqırdı. Bəli, Parisə gedəcəyəm. Orada oxuyacağam, oranın universitetini bitirəcəyəm və bu surətlə həm ruslardan yandırıcı bir qisas alacağam, həm də izzəti-nəfsimi yüksək dərəcədə tətmin etmiş olacağam.
Gimnaziyanın dördüncü sinfindən bəri Paris xəyal dünyamı buraxmayan bir xəyal idi. Ümumi tarixdən XVIII əsr fransız ensiklopedistləri və böyük inqilab haqqında aldığım qısa, adi məlumat mənim dimağımın içində sanki bir elektrik stansiyasına çevrilirdi, dayanmadan oranı mənə xatırladırdı. İndi isə bu xatırlatma qarşısıalınmaz bir cazibə halını aldı. Rusiyadan irəlidə olan bir məmləkətdə, rus universitetindən yüksək bir universitetdə, böyük inqilabın vətənində təhsil alacağım və rusları mat edəcəyim kimi həm də Qafqazdan buraya gələn ilk türk olaraq təriflənəcəyəm. Bu tabloya hansı xəyal dayanar!
Tez atama bir teleqraf göndərdim. Parisə getmək əzmində olduğumu bildirdim və pul istədim. Üçüncü gün belə bir cavab aldım: “150 rubl göndərirəm, ürəyin haraya istəyir get!”
Azərbaycanlı bir atanın dili ilə bu, xoşagəlməzliyin və hiddətin gücünü ifadə edirdi. Fəqət artıq iş işdən keçmişdi.
Tez pasportumu hazırladım. Pulun 60 rublunu borcuma verdim. Məndə cəmi 90 rubl qaldı. Yəni o zamankı pulla 11 Osmanlı lirəsi!
Bu pul ilə özümü o məçhul Qərb dünyasına atırdım. Dostlarımdan biri “aclıqdan öləcəksən” dedi. “Rusiyada qalmaram” dedim və ertəsi gün dördüncü dərəcəli vaqonla yola çıxdım.
Almaniya sərhədində vaqon dəyişdirmək lazım idi… Bu dəfə almanların üçüncü sinif vaqonuna keçdim. Mənimlə bərabər müəllimlik etmiş, indi vətəni Parisə qayıdan bir fransız qız da vaqonda yerini tutdu. Qızla tanış olduq. Bu qızı mənə tale göndərmişdi. Çünki fransızcam çox kasad idi, almancam isə heç yox idi. Halbuki, qız rusca mükəmməl danışırdı. Mənə çox köməyi dəydi.
Rus qatarları ilə müqayisə edilməyəcək qədər təmiz və sevimli olan alman qatarı Berlinə doğru Prussiya boyunca gedərkən ara-sıra vaqona yolçu əsgərlər girirdilər. İlk dəfə gördüyüm bu adamlar mənə çox qəribə gəldi. Bizimlə Rusiya haqqında danışırlar və istehza ilə gülürdülər. Nəhayət, biri qılıncını yarısına qədər çəkərək dedi: “Tezliklə sizin o çarınızın cəzasının bununla verəcəyik”.
Rusca “Allah sizdən razı olsun” dedim. Fəqət qız bunu tərcümə etmək istəmədi və hirsli-hirsli almanın üzünə baxdı. Mən o gün fransızla alman arasındakı nifrətin nə qədər dərin olduğunu anladım.
Qatar Berlinə gecə çatdı…
(Davamı var)
Hazırladı: Dilqəm Əhməd