22 Oktyabr 2018 15:55
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran mətbuatı islam inqilabının lideri Ruhullah Musəvi Xomeyninin nəvəsi Əli Xomeyninin Qum dini hövzəsini tərk edərək İraqın Nəcəf şəhərinə köçdüyünü xəbər verib. Bu, sıradan bir köç kimi görünsə də, əslində qətiyyən belə deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, analitik Zeynal Əmrəliyev bildirib.

Onun sözlərinə görə, əvvəla ona görə ki, Əli Xomeyni 1995-ci ildə vəfat etmiş və inqilab lideri babasının sağ əli kimi tanınan Seyid Əhməd Xomeyninin oğludur:

“Seyid Əhmədin ən tanınmış oğlu heç də Əli deyil, digər oğlu Həsən Xomeynidir. Həsən mükəmməl dini təhsil alıb və ictimai proseslərdə yaxından iştirak edib. O, hazırda babasının ziyarətgahına rəhbərlik edir. Ancaq onun islahatçı qanad, xüsusilə də bu hərəkatın ən təhlükəli nümayəndəsi sayılan keçmiş prezident Məhəmməd Xatəminin siyasi baxışlarını paylaşması gələcək karyerasının üstündən qalın bir xətt çəkdi.

İranda hazırda ali dini mərtəbə içində Əli Xomeyninin nüfuzu parlayır. Ancaq ölkə rəhbərliyinin Əli ilə bağlı da problemləri az deyil. Əli qardaşından fərqli olaraq hər nə qədər mühafizəkar düşərgəyə yaxın olsa da, şiəliyin Nəcəfdəki qolu ilə sıx əlaqədədir. Əli Xomeyni Nəcəfdə məşkunlaşmış məşhur şiə alimi, ayətül-üzma Seyid Əli Sistaninin yaxın tərəfdarı kimi tanınır. Hətta Sistani ilə yaxın qohumluq əlaqəsinə malikdir.

Əli özünə həyat yoldaşı olaraq Sistaninin kürəkəni Cavad Şəhristanın qızını, yəni Sistaninin nəvəsini seçib”.

Siyasi şərhçi qeyd edib ki, Ə.Xomeyninin Qumdan Nəcəfə köçməsi islam respublikası rəhbərliyində həyəcan yaratmaya bilməz:

“Bunun bir neçə səbəbi var. Əvvəla, bu, simvolik önəm daşıyır. Vaxtilə Əlinin babası Ruhullah Xomeyni də şah rejimindən narazı qaldığı zaman Nəcəfə köçmüş və rejimə qarşı mübarizəni buradan aparmışdı. İndi nəvə Xomeyni də eyni yolla gedə bilər.

İkincisi, İrandan fərqli olaraq Nəcəf mədrəsəsinin başında duran Sistani dünyəvi dövlətin tərəfdarıdır və dinin siyasətə müdaxiləsinin tərəfdarı deyil. Məhz onun 2003-cü ildə bitərəf qalması səbəbindən İraq yenidən qurularkən burada dini deyil, dünyəvi dövlət quruldu.

ABŞ da burada İrana qarşı yeni bir islam respublikasının qurulmasında maraqlı idi. Ancaq Sistani lazımi dəstəyi vermədi və ABŞ-ın planını pozdu. Buna rəğmən onun bu hərəkəti İranda da qorxu yaradır. Çünki Sistaninin dünyəvi dövlət fikri İrana da yayıla bilər. Əli Xomneyi isə Sistaninin yanına köçməklə, əslində onun siyasi dünyagörüşünü mənimsədiyini ortaya qoyur.

Xomeyninin Sistaninin ideyalarından bəhrələnib rejim rəhbərliyinə qarşı təhdid yaratmayacağına kim təminat verir?

Üçüncüsü, vaxtilə Ruhullah Xomeyni vilayəti-fəqih üsul-idarəsinə aid əsərlərini məhz Nəcəfdə sürgündə olarkən yazıb. Bu həmin əsərdir ki, islam inqilabının təməl prinsiplərini təşkil edir. Xomeyni məhz bu əsərdəki fikirləri rəhbər tutaraq inqilaba başlaya bilib. Son zamanlar isə islahatçılar məhz vilayəti-fəqihlə ali dini liderin səlahiyyətlərini azaltmağa çalışırdılar. Nəcəf mədrəsəsinin yetirmələri İranda demək olar ki, bu qanunların müdafiəçisi kimi tanınır və buna görə də bu əsər hazırda Əli Xamneyinin hakimiyyətinə maneçilik törədir”.

Z.Əmrəliyev daha sonra deyib:

“Görünən budur ki, Xomeyni ailəsinin, bilavasitə ailədə ali liderliyə əsas namizəd sayılan Əli Xomeyninin Əli Xamneyi ilə münasibəti gərgindir. Bu isə ölkədə “yeni ali dini lider kim olacaq” sualını meydana gətirir.

Hazırda bu posta ən şanslı namizədlər ölkənin hazırkı prezidenti Həsən Ruhani, prezidentliyə keçmiş namizəd, Qum şəhərindəki “İmam Rza türbəsi”nin rəhbəri, ayətullah İbrahim Rəisi, İslami Şura Məclisinin (İran parlamenti) sədri Əli Laricaninin qardaşı, ölkənin Ali Məhkəməsinin sədri Sadiq Laricani, Məsləhət Şurasının sədri, ayətullah Şahrudi və yaxın vaxtlarda Tehranın imam-cüməsi təyin ediləcəyi gözlənilən İslam Elmləri Akademiyasının rəhbəri, ayətullah Məhəmməd Mehdi Mir Baqiridir”.

Siyasi şərhçi islahatçı qanadın hazırda bu vəzifədə Həsən Ruhanini görmək istədiyini vurğulayıb:

“Ruhani prezidentlikdən ali liderliyə keçid edə bilər. Təbii ki, lazımi dəstək olsa. Çünki vaxtilə Əli Xamneyi də ali liderliyə prezidentlikdən gəlmişdi. İbrahim Rəisini ölkədə aparıcı mədrəsə olan Qum mədrəsəsi dəstəkləyir. Bu mədrəsənin üzvləri çox görkəmli şəxslərdir və onlardan dəstək almadan heç kim ali lider kürsüsünə əyləşə bilməz.

Bürokratik sistemin üzərində cəmləşdiyi şəxs isə Sadiq Laricanidir. O, qardaşı Əli Laricaninin simasında siyasi çevrənin də geniş dəstəyinə arxalanır. Bir çoxları isə hesab edir ki, dini liderin öz yerində görmək istədiyi şəxs məhz Məsləhət Şurasının sədri ayətullah Şahrudidir.

Şahrudi ölkədə Xamneyiyə şəxsi yaxınlığı ilə tanınır. Bundan əlavə, məşhur general Qasim Süleymani ilə də yaxın münasibəti var. Şahrudi Nəcəfdə doğulub və İraq şiələri arasında nüfuzu güclüdür. Məlumata görə, Nəcəf mədrəsəsinin bir çox üzvü tərəfindən də dəstəklənir.

Ancaq bir müddət əvvəl onun Almaniyada onkoloji xəstəlikdən müalicə aldığı barədə xəbərlərin yayılması ali liderlik üçün şanslarını azaldır. Mir Baqirinin diqqətçəkən özəlliyi isə Rusiya ilə çox yaxın olmasıdır. Onun xüsusilə Vladimir Putin hakimiyyətinin ideoloqu sayılan Aleksandr Duqinlə yaxın münasibətləri var. Hətta Duqin 2015-ci ildə İrana səfər edərkən Mir Baqiriyə baş çəkib.

Mir Baqiri İran siyasətinin mühafizəkar qanadı arasında xüsusi hörmət sahibidir. Onun mühafizəkar düşərgənin tanınmış liderləri olan Mahmud Əhmədinejat və İbrahim Rəisi ilə də yaxın dostluq əlaqəsi var.

Mir Baqiri Əhmədinejat prezident olarkən dini elita arasında onun əsas müdafiəçilərindən sayılırdı. Sözsüz ki, yeni liderin kim olacağı hələlik qeyri-müəyyəndir. Ancaq görünən odur ki, hazırkı şəraitdə Xomeyni ailəsindən bu posta çətin kimsə yiyələnsin”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər