2019-cu il yanvarın 1-dən Almaniya və Fransada dizel mühərriki ilə işləyən avtomobillərin böyük şəhərlərə - Berlinə, Parisə daxil olması qadağan edilir.
Bunu Teleqraf.com-a avtomobil üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, bu ölkələr 2018-ci ildə dizel mühərrikli avtomobillərin şəhərə girməsi üçün rüsum ödəyirdilər: “İndi rüsum yığışdırılacaq, şəhərlərə giriş ümumiyyətlə qadağan olunacaq. Çünki xüsusi laboratoriyalarda aparılan araşdırmalar dizel mühərrikinin insan sağlamlığına olduqca zərər verdiyi məlum olub.
Avropa ölkələrində dizel mühərrikli avtomobillər qadağan olunandan sonra onların postsovet ölkələrinə, o cümlədən Azərbaycana ixracı ehtimalı artacaq. Buna görə də ölkəmizə zərərli dalğa gəlir.
2009-2010-cu ilin Avropa istehsalatı olan maşınlar sürülmədiyi üçün vətəndaşlar bu maşınları bizə satacaqlar. Bizim “işgüzar”lar da onu alaraq Azərbaycana gətirəcəklər. Beləliklə ekologiyaya və sağlamlığımızı təhlükəyə atacaqlar”.
Ekspert deyib ki, bunun üçün yeni qadağaya ehtiyac var.