29 Oktyabr 2018 13:22
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi ilə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda ali və apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatının komplektləşdirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibi ətraflı təhlil edilib, fəaliyyətində müsbət qiymətləndirilən və peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlət başçısına təkliflər verilib.

Qeyd edilən təkliflər ölkə Prezidenti tərəfindən müsbət dəyərləndirilərək Milli Məclisə həmin namizədlərin təyinatı ilə bağlı təqdimat göndərilib.

Şurada həmçinin, bildirilib ki, 2013-cü ildə yeni qaydalarla seçilərək təyin olunmuş 71 nəfər hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar onların hər birinin işi yerində öyrənilib, fəaliyyətlərini xarakterizə edən sənəd, material və məlumatlar toplanıb. Həmin hakimlərin fəaliyyəti qiymətləndirilməklə vəzifələrinin öhdəsindən layiqincə gələn şəxslərin səlahiyyət müddətlərinin uzadılmasına dair təkliflərin hazırlandığı vurğulanıb.

Eyni zamanda, şəffaf prosedurlarla seçilmiş, o cümlədən çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 nəfər namizədlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılıb, ixtisaslaşmalarının aparılması məqsədilə onların hər biri ilə fərdi qaydada söhbətlər keçirilib. Həmin namizədlərin birinci instansiya məhkəmələri üzrə müxtəlif hakim vəzifələrinə təyinatları barədə təkliflərin hazırlanması tapşırılıb.

Bildirilib ki, bu sahədə görülən tədbirlər nəticəsində məhkəmə sistemində mövcud olan bütün vakansiyaların tam əksəriyyəti, o cümlədən ilk dəfə olaraq Ali və bütün apellyasiya instansiyası məhkəmələri tam komplektləşdiriləcəkdir ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcəkdir.

İclasda qanunvericiliyin tələblərinin pozulmasına prinsipial münasibət göstərilərək 6 hakim barəsində intizam icraatları başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər