Əvvəli burada
https://teleqraf.com/news/toplum/190667.html
... Bu söhbətimiz əsnasında verdiyimiz qərara görə, ertəsi sabah dan yeri ağararkən Nəsrəddin, Baş çavuş Teymur və Çavuş Astan (Borçalıdan) gizlicə Tərtərə hərəkət etdilər, orada yerləşən dördüncü süvari bölüyünün komandanını (adını unutmuşam, Gəncəyə yaxın bir kənddən idi), qazaxlı pulemyotçu və alay yavəri Ayteki tərəfimizə çəkməyə müvəffəq olduq...
Astan keçmiş qaçaq (Çar Rusiyası nizamına qarşı savaşmış, Sibirə sürgün edilmiş, 12 il sonra sürgündən qaçmış milli qəhrəman) idi, dərhal türk və erməni kəndliləri ilə təmas qurdu. Qısa zamanda erməni kəndlilərini də tərəfimizə çəkə bildi. Erməni qonşularımız öz erməni kommunist təbliğatçılarının sözlərinə fikir vermirdilər. Bunun ancaq rus imperialistlərinin işinə yaradığını başa düşmüşdülər. Sonralar erməni dostlarımın bu köməklərinə iki dəfə şahid oldum.
Teymur sabahın alatoranlığında birliyi hərəkətə hazırlayırdı. Artıq gücə qarşı güc qoymağın doğru olduğu aşkar idi. Nəsrəddin gecələr Aytek ilə görüşüb xəbər toplayırdı. Elə bu əsnada yeni bir xəbər gəldi. Alay komandanının bir əmri Tərtərə göndərilmişdi. “Azərbaycan ordusu ilə qardaşlıq bağlarını möhkəmləndirmək” məqsədi ilə qırmızı rus ordusunun bir piyada briqadası (20-36 diviziya) göndərilib...
Burada başa düşmədiyim bir şey baş verirdi: bizim əsgərlər hər cür xəbəri məndən daha əvvəl öyrənirdilər. Mənə elə gəlirdi ki, onlar işimi asanlaşdırmaq məqsədi ilə öz aralarında çox yaxşı çalışan bir kəşfiyyat xidməti qurmuşdular. Onlar aldıqları xəbəri mənə əmrimdə olan, orduya könüllü daxil olan, orta yaşlı, naxçıvanlı Abdullah çavuş vasitəsilə çatdırırdılar. Abdullah çavuş çox möhtərəm bir insandı, məni oğlu kimi sevərdi.
May ayının 15-i idi. Sabahın alatoranlığında qapım döyüldü, otağa baş çavuş Teymur girdi, bu məlumatı verdi: Tərtərdə savaş başlayıb, toplar da iştirak edir. Mən çölə sıçradım. Daha hərəkətə hazırlanma əmrini verməmişdim. Halbuki, birlik sahədə hazır vəziyyətdə məni gözləyirdi. Mənə isə yalnız “Ata-a mi-in!” əmrini vermək qalmışdı.
Nəsrəddinin birliyi dördnala hərəkətə keçdi. Bu anda üçüncü bölüyün komandanı kapitan Bolotinskiy (polşalı) atını mənə doğru sürdü, qarşımda hərbi vəziyyət aldı, pozuq, lakin çox şirin bir türkcə ilə “Əmr edin, komandanım, hazıram!” dedi. Rütbəsi məndən yüksək olan polşalı Azərbaycan zabitinin bu hərəkəti bizim məhmətçikləri coşdurdu, onu bir ağızdan “Yaşa!” deyə üç dəfə salamladılar.
Biz də hərəkət etdik. Tərtərə bir neçə kilometr qalmış Nəsrəddin atı qan-tər içində qarşımıza çıxdı, bizə raport verdi: Alayımız yeni gələn rus qarnizonunu tamamilə məhv edib. Müharibə gecə başlayıb.
Bunları bizə danışan Nəsrəddin məsələnin əsasını öyrənə bilməyib. Onu irəlidə yazacağıq.
Şəhərə hərbi yürüşlə girdik. Gözümüzə ilk dəyən şey rus briqada komandanının meydanın ortasındakı cəsədi idi. Gen şalvarının qırmızı gen zolaqları görünürdü. Bu, Don kazaklarının hərbi forması idi. Daha irəlidə, eyni yerdə 12 ədəd rus topu vardı. Bunlar artıq bizim əlimizə keçmişdi. Uzaqdan atəş səsləri eşidilirdi. Bu arada Baş leytenant Mahmud atını mənə doğru çaparaq gəldi və bu məlumatı verdi: Rusların gəlməsi ilə bərabər, atəşin açılmasından az əvvəl bütün zabitlərimiz qərargaha dəvət ediliblər. Fəqət Mahmud getməyib, pulemyotların başında qalıb.
Bundan da meydanın boş qaldığı anlaşılırdı. Dərhal idarəçiliyi üzərimə götürdüm, iki saat sonra ilk mərhələni tamamladıq. Rus briqadasından kimsə qalmamışdı. Əlimizə qənimət olaraq 12 top, 24 pulemyot, minlərlə tüfəng keçmişdi.
İgid əsgərlərimiz zabitlərin qərargaha dəvət edilmələrindən faydalanaraq, fürsətdən istifadə edərək əbədi düşmənləri olan ruslara hücum ediblər. Bizim köməyə gəlməyimizi böyük sevinclə qarşıladılar. Tam zəfər əldə edildikdən sonra qurban kəsildi. Bundan sonra mən də qərargaha getdim.
İçəri girdiyim zaman belə bir mənzərə ilə qarşılaşdım: Gənc zabitlər uzun bir masanın ətrafında oturublar. Alay komandanı podpolkovnik Tonqiyev əlində naqan tapança ilə qapının yanında dayanıb nəsə danışırdı. Mən içəri girdiyim zaman komandanla aramızda dramatik söhbət başladı, getdikcə gənc zabitlərin hiddətlənməsinə səbəb oldu. Onlar tapançalarını çıxarıb arxama keçdilər. Təəssüf ki, bu anda araya Ehsan Naxçıvanlı girdi və ondan gözləmədiyim, indi də başa düşmədiyim bir hərəkət etdi. O, podpolkovnik Tonqiyevin tərəfini saxladı, gənclərin hiddətini sakitləşdirdi. Naxçıvanlının bu hərəkəti hamımızı təəccübləndirdi. Bundan sonra mənə də öz məntəqəmə çəkilmə əmri verildi.
Bütün zabitlər öz birliklərinin başına qayıtdılar. Mən də Xanlıq istiqamətində yürüşə keçdim. Bir müddət meydanda dayandıq. Atlara ot, bizlərə də kabab verildi. Bu əsnada ruslarla baş verən çarpışmanın əsasını da əsgərlərdən öyrəndim.
Ruslara çox baha başa gələn “qardaşlıq” müharibəsi belə baş vermişdi: Suvari alayımız şəhərin çölündə zəif və xəstə atlar üçün kəndlilərdən yoncalıq kirayələyib. Tarixi gecədə növbətçi əsgərlər atlarını yoncalıqda otladarkən “müsafir” rus topçuları da atlarını eyni yoncalığa soxmağa çalışıblar. Bizimkilər “qadağandır” desələr də, ruslar fikir verməyiblər. Azərbaycanı artıq atalarının mülkü hesab edirdilər axı... Bu vaxt ağız davasına başlamışlar. Ruslar Allaha, dinə söyüş söyərkən bizim əsgərlər bellərindəki xəncərə sarılmışlar. Ruslar türkə söyəcəkmiş ha?
“Ayə, qoyma bu namussuzu! Ayə, vur! Ayə, tut!” deyərkən iş qızışıb. Qışlalara xəbər gedib: “Ruslar atəş edirlər!”
Yatağından sıçrayan əsgər silaha sarılıb, cəbbəxananın qapısı qırılmış və yoncalıqda başlayan dava müharibə ilə bitib. Beləcə, “yenilməz qırmızı ordu” qısa bir zamanda başlarında komandanları olmayan əsgərlərimiz tərəfindən təmizlənib.
(davamı var)