Gəncə şəhərində fəaliyyət göstərən “İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi” çətin vəziyyətə düşən həssas vəziyyətdə olan qadınlara və uşaqlara mənəvi və hüquqi dəstək ola biləcək bir ümid yeridir.
Bu sözləri “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova Teleqraf.com-a müsahibə verərkən bildirib.
O, qeyd edib ki, bu ilin mart ayından etibarən “Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi”nə dəstək” layihəsinin icrasını həyata keçirir.
Layihənin əsas məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması üçün “Insan alveri və potensial insan alveri qurbanlarına regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi”nin davamlı fəaliyyətini təmin etməkdir.
Bununla yanaşı layihənin icrası dövründə qərb rayonlarında yerli icra hakimiyyəti, səhiyyə, təhsil,hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
21 avqust 2014-cü il tarixində qazax rayonunda 22 avqust 2014 –cü il tarixində isə Goranboy rayonunda görüşlər təşkil olunub. Görüşlərdə 60-a yaxın müvafiq icra hakimiyyəti, səhiyyə, təhsil,hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
Təşkilatın sədri Südabə Məmmədova icra olunan layihə və donor təşkilat haqqında geniş məlumat verib. Layihə rəhbəri Kubra Ələkbərova isə layihənin məqsəd və vəzifələrini izah edib. Daha sonra , Gəncə şəhərində fəaliyyət göstərən “İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi” haqında geniş məlumat verilib.
Qeyd olunub ki, Qərb bölgəsində belə bir Mərkəzin fəaliyyət göstərməsi çox əhəmiyyətlidir. Mərkəzə müraciət edən şəxslərin ilkin ehtiyacları ödənilir, lazım olarsa təhlükəsiz sığınacaqla təmin olunur və onlara birbaşa tibbi, psixoloji və pulsuz hüquqi yardımlar göstərilir.
Sonda Südabə Məmmədova onu da bildirdi ki, görüşün təşkil olunmasında Qazax və Goranboy rayon İcra Hakimiyyəti orqanı nümayəndələri tərəfindən yaxından köməklik göstərilib