18 Noyabr 2018 08:18
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti və Prezident İlham Əliyev şəhid ailələrinə həmişə böyük diqqət göstərib, problemlərimizə həssaslıqla yanaşıb. Bu isti münasibətə görə dövlət başçısına təşəkkürümüzü bildiririk.

Bu sözləri Teleqraf.com-a 1993-94-cü illərdə Beyləqan istiqamətində gedən döyüşlərdə həlak olan hərbi qulluqçu Yusifov Etibar Nəriman oğlunun qardaşı Bəxtiyar Yusifov deyib.

O, ailə üzvlərinin Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini təqdir etdiklərini bildirib.

Bəxtiyar Yusifov qeyd edib ki, ölkə başçısının imzaladığı bu fərman Azərbaycan dövlətinin ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə qayğı ilə yanaşdığının daha bir nümunəsidir.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər