3 Dekabr 2018 17:00
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə yayılmış tükürpədən görüntülər artıq neçə gündür müzakirə olunur. Ər ona xəyanət etdiyi iddia olunan gənc qadının başını keçəl edərək, telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Qəzəbli ər arvadı və onun gəzdiyi kişinin ünvanına nalayiq ifadələr işlədib.

Bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Ümumiyyətlə, xəyanət edən qadına münasibət necə olmalıdır?

Teleqraf.com bu mövzu ilə bağlı sorğu keçirib.

Yazıçı Nəriman Əbdürrəhmanlı deyir ki, bütün əməllərin kökündə səbəb adlanan bir anlayış dayanır: ”Dünyada səbəbsiz heç nə mövcud deyil. Təbii ki, xəyanət, o cümlədən qadın xəyanəti səbəbsiz olmur. Qadını o xəyanətə ya ərinin münasibəti sürükləyir, yəni axtardıqlarını ərində tapmır, ya da qarşısıalınmaz kənar təzyiqlər qarşısında duruş gətirə bilmir. Hər necə olur-olsun, qadına fiziki cəzanın əleyhinəyəm. Yəni mənəvi cəza vermək, ayrılmaq, əlaqəni kəsmək, onun varlığını unutmaq bəs eləyər”.

Jurnalist Nəsimi Paşayevin sözlərinə görə, xəyanət ­– xəyanətdir, bunun qadını kişisi, böyüyü, kiçiyi, uşağı, yaşlısı olmaz: “Əgər söhbət konkret həyat yoldaşını başqası ilə aldatmaqdan gedirsə, təbii ki, bu, yolverilməzdir. Ər və ya arvad bunun üçün hansısa cəza mexanizmi seçməməlidir.

Evlilik anlaşmadır, birgə uzun yola çıxmaqda anlaşmaqdır. Əgər xəyanət varsa, bu, anlaşma pozulub deməkdir. Belə olan halda ən yaxşısı anlaşmanı, yəni bağlanmış nikahı pozursan.

Əgər hansısa hüquqi məsuliyyət varsa, bunu da hüquq-mühafizə orqanları müəyyən etməli və cəzasını onlar verməlidir”.

Hüquqşünas Günel Səfərova qeyd edib ki, yoldaşını keçəl edən "kişinin" məntiqi ilə yanaşılsa, əksər kişilər keçəl gəzməlidir: “Xəyanətə heç cür haqq qazandıra bilmərəm, amma boşanma kimi sivil yol da var. Allah bəlasını versin o kişinin də, yanındakı ana adlanan qadının da... Nə qədər cahillik var, belə əməllər çox olacaq”.

Yazıçı-publisist İlqar Rəsul isə deyir ki, söhbət sosial şəbəkədə yayılan xəyanət faktından gedirsə, bu, fakt yox, bir kişinin bir qadına fiziki zorakılığıdır: ”Təəssüf ki, bəzi mətbuat orqanları xəyanəti də fakt kimi göstərirlər, halbuki cəmiyyət üçün ortada xəyanət faktı yoxdur.

Cəza ifadəsi altında əslində bu cür məsələlər hüquqi müstəvidə həll olunmalıdır. Biz hüquqi və zorakılığa yox deyən dünyada yaşayırıq, biz də özümüzü sivil hissəyə aid edirik. Mentalitet nə qədər güclü olsa belə, bu cür məsələlərdə hansısa cəza tətbiq etmək olmaz”.

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı da hesab edir ki, xəyanətin kişisi-qadını yoxdur, insan xəyanəti var: “Onun yeganə cəza üsulu xəyanət edən adamı birdəfəlik həyatından silməkdir. Qadına və ümumiyyətlə insanlara qarşı zor tətbiqinin, fiziki şiddətin əleyhinəyəm.

Bu cəza məhkəmə-hüquq sisteminin ixtiyarındadır. Hər hansı bir fərdin hər hansı səbəbə görə kimisə öz yöntəmləri ilə cəzalandırılması yolverilməzdir”.

Yazar Elşad Barat düşünür ki, qadını xəyanətə biz məcbur edirik, çünki qadın azadlığını tanımırıq: “Kişi boşana bilər, qadın yox? Qadın insan deyilmi? Azərbaycanda qadına əşya kimi baxılır. Kişi sevgi boşluğunu dolduranda susuruq, qadın doldurmaq istəyəndə adını xəyanət qoyub cəza veririk. Gəlin görək xəyanət nədən baş verib? Səbəbsiz nəticə olmur. Bir kişi xəyanət edən qadına mütləq cəza verməlidirsə, ondan imtina yetər”.

Telejurnalist Vüsalə Məmmədovanın fikrincə, xəyanət edən kişiyə münasibət necədirsə, qadına da eyni münasibət bəslənməlidir: “Bu, daha ədalətli olar. Çünki xəyanət edənə kişi, ya qadın kimi baxmaq doğru deyil. Cəmiyyət israrla qadından kişi xəyanətinə göz yummağı tələb edirsə, eyni münasibəti kişidən də tələb etsin. Sağlam münasibətlər sistemi, sivil cəmiyyət məhz o zaman yaranacaq.

Cəzalandırmağa gəlincə, nə qardaş, nə də ər qadını cəzalandıracaq adam deyil. Xəyanətin köklərini axtarmaq lazımdır. Xəyanət təkcə fiziki olmur, bütün xəyanətlər beyindən, ürəkdən başlayır. Qadını ona sürükləyən səbəbləri araşdırmaq lazımdır və o səbəblər ortaya çıxanda ər də, qardaş da, ata da, haqqı olmadığı halda ittiham edən qonum-qonşu, tanış-biliş də elə sükuta qərq olur ki... Çünki qadını xəyanətə sürükləyən səbəbləri şərh etməyə heç birinin cəsarəti çatmır.

Mütləq cəza metodu axtarılırsa, elə qadının xəyanətini kişinin "cinayətinin" cəzası kimi qəbul edə bilərik. Amma bizim cəmiyyət kişini heç vaxt təqsirkar hesab etmir.

Çıxış qapılarını bağlayaraq ittiham edən mühit cəhalətdən su içir və bu gün müşahidə etdiyimiz mənzərə qaçılmazdır... Xəyanətin səbəblərini daha dərinlərdə axtarmaq lazımdır...”

Təhsil eksperti Nadir İsrafilov bildirir ki, ona qarşı qadın xəyanət olmadığından, bu suala cavab verməkdə çətinlik çəkir: ”Bunu xəyanətə məruz qalanlar daha yaxşı bilər. Əbəs yerə deməyiblər ki, başına gələn başmaqçı olar. Tomas Fullerin bir sözü yadıma düşür: “Yalnız özünə və sənə xəyanət etməyəcək birinə güvən”.

Bir də ki, bilərəkdən edilən xəyanətlə xəyanətə məruz qalmaq başqa-başqa şeylərdir. Hesab edirəm ki, bunun ən sivil yolu boşanmadır”.

Sabahinfo.az saytının baş redaktoru Yusif Məhəmmədoğlu isə ümumiyyətlə, xəyanəti bağışlaya bilmir: “İstər dost tərəfindən xəyanət görüm, istər qadın tərəfindən. Cəza tətbiq eləmək artıq insanların düşüncəsinə qalıb. Mən şəxsən heç bir cəza tətbiq eləmədən ayrılmağı üstün tuturam”.

Jurnalist Nərgiz Əzizova düşünür ki, şəxsin kimliyindən, hadisənin nəticəsindən asılı olmayaraq, bir insanın digər insana şiddət tətbiq etmək, fiziki əziyyət vermək ixtiyarı yoxdur: “Xəyanət edən qadını döymək və hər hansı üsulla alçaldıb, övladının yanında ömürlük gözükölgəli etmək anormal hərəkətdir.

Demək olar ki, bütün namus və qeyrət cinayətləri kişilərin əllərindən çıxır. “Qadın boşansın, sonra nə edir etsin” kimi arqumentlərlə çıxış edənlər əvvəlcə cəmiyyətimizdəki iqtisadi və məişət boşluqlarını düşünməlidir. Qadın övladları ilə hara gedəcək?

Ümumiyyətlə, məsələnin təfərrüatını bilmədən hökm vermək düz deyil. Qadın məcburən ərə verilə, ərini sevməyə bilər, ailəsinin qorxusundan ağzını açmaz, uşağına görə susar, başqa birini sevə bilər və s.

Kişinin qadına hər hansı səbəbdən əl qaldırmasının səbəbi valideynlərinin onu tanrı və ya insandan üstün varlıq kimi böyütməyinin nəticəsidir. İllərdir bunları izah etmək üçün bar-bar bağırırlar. Son hadisələr də göstərdi ki, oxumaq vaxtımız çoxdan çatıb.

Jean-Luc Godardın “Le Mepris”ini izləyin. Tolstoyun “Anna Karenina”sını oxuyun. “Və tanrı qadını yaratdı” filminə baxın. Floberin “Madam Bovari”sini mütaliə edin.

Bunları niyə deyirəm? Yalnız dünyagörüşlə qarşınızdakı insanı anlaya bilərsiniz. Biz Azıx adamı deyilik”.

Psixoloq Aygün Cəfərova deyir ki, xəyanət xəyanətdir, istər kişi, istər qadın olsun: “Problem ondan başlayır, kişinin xəyanəti bağışlanır, qadının xəyanəti isə aşkara çıxanda az qalır edam edələr. Xəyanət edən qadının xəyanətinin səbəbi konservativ, mental düşüncəli, əzazil ata, qardaş ve paranoyal dərəcədə qısqanc ərdir. Təsir əks təsirə bərabərdir...

Əgər xəyanətin səbəbini araşdırsaq, mütləq bir və ya bir neçə psixoloji travma ilə rastlaşacağıq. Təəssüf ki, cəmiyyətimizdə bir çox ailələr şəxsiyyət yox, fərd yetişdirir ki, bu fərdlər də kütlədən asılı olurlar. Onların öz fikirləri, öz baxış tərzləri olmadığı üçün cəmiyyət üçün yaşayırlar. Xəyanətə uğrayan kişidən soruşsaq ki, niyə cəzalandırmaq istəyirsiniz, cəmiyyət qınağından çəkindiyini deyəcək.

Təbii ki, nə qadının, nə də kişinin xəyanəti ürəkaçan hərəkətdir. Bir məsələ var – nəticəni yaradan səbəb olur. Xəyanət edəni cəzalandırmaq əvəzinə bu davranışın yaranma səbəbləri aradan qaldırsalar, daha faydalı olar”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər