7 Dekabr 2018 14:16
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 yaşlı qız zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletləri qəbul edib.

Bəs bu arıqlamaq üçün istifadə edilən dərmanlar hansı fəsadları yaradır?

Teleqraf.com-un sualını tanınmış həkim-diyetoloq, Azərbaycanda ilk diyet kitablarının müəllifi Leyla Zülfüqarlı cavablandırıb.

O bildirib ki, bu, birinci hadisə deyil, ümumiyyətlə, illərlə məhz arıqlama dərmanlarının, nəinki dərman, eyni zamanda arıqlama çayların, kokteyllərin ziyanı üzündən əziyyət çəkən insanları görmüşük:

“Ölkə xaricində, elə ölkəmizdə də kifayət qədər belə hallara rast gəlmişik. Hətta ən ciddi problemlə üzləşilib ki, burada ölüm faktoru var. Bəzən ölüm faktoru olmasa belə insanlar bu dərmanlarla çox ciddi şəkildə orqanlarına ziyan verirlər, illərlə ağır xəstəliklərlə yaşamaq məcburiyyətində qalırlar. Ölüm faktoru olmayanda bu, müzakirə olunmur. Ümumiyyətlə, arıqlama dərmanlarının ziyanları həddən artıq çoxdur.

Birinci ziyanı narkotik effekt adlı təsirə malik olmasıdır. Yəni insanı asılılıqda saxlayaraq, davamlı olaraq o preparatdan içməsini təmin edir.

İkincisi, ümumiyyətlə, bu preparatları reklam edən şirkətlərin özləri də dəfələrlə deyir ki, dərman iştahanı kəsir. Yəni şərti refleks iştaha simptomunu əngəlləyərək, insanın iştahasını kəsir və o, yeməkdən imtina edir. Nəticə etibari ilə yeməkdən imtina etdiyi üçün təbii ki, arıqlayacaq. İnsan yemək yemirsə, bu, ən ciddi problemdir.

Qidanın ən böyük funksiyası “energetik “funksiyadır ki, biz qidalardan aldığımız enerji nəticəsində gün ərzində ehtiyacımızı ödəyirik. Digər tərəfdən, qidalardan aldığımız vacib maddələrin təsirilə “müdafiəedici“ funksiyamız yaranır. Yəni infeksion, iltihab xəstəliklərdən müdafiə olunuruq. Eyni zamanda qidalar tikinti materiallarıdır. Ona görə də qida mütləq qəbul olunmalıdır.

Bir şəkildə əzələ itkisi, yəni orqanizmdə zülal itkisi olur ki, insan ürək-əzələ hüceyrələrinin(kordimiositlərin) distrofiyası, atrofiyası kimi hallar nəticəsində ölümlə rastlaşa bilər. Eyni zamanda burda ani olaraq qanda şəkər aşağı düşə bilər, fəsadlar ortaya çıxa bilər. Yaxud qəflətən təzyiq düşmələri ola bilər.

Həkim bildirib ki, burda əsas faktor odur ki, bu arıqladıcı dərmanlara tibbə məlum olmayan bəzi maddələr də qatılır: “Bütün bunlar mübadilə sistemindən keçmir, bağırsaqlarda toplantı, çöküntü maddələr kimi qala bilir. Bu zaman hətta xərçəng xəstəliyi riski də ortaya çıxır.

Buna görə də insanlar qətiyyən arıqlama adında ikinci yan maddələrə inanmasınlar. Bu arıqlama sözündən sonra gələn istər dərman, istər çay, istər kokteyl, yəni arıqlama vasitəsi qidadan başqa heç nə olmamalıdır. Biz qida alaraq çəki alıb problemlə üzləşiriksə, demək ki, qida ilə də bu problem həll olunmalıdır”.

Diyetoloq bildirib ki, qeyd olunan fəsadların qarşısını almaq üçün, dərman preparatlarından kortəbii istifadənin qarşısını almaq məqsədilə artıq həyəcan təbili çalmaq zamanıdır.


Müəllif: Aytən