7 Dekabr 2018 18:36
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Мaliyyə nazirinin açıqlamasını növbəti devalvasiya xəbərdarlığı kimi yozmaq düzgün deyil. Samir Şərifov sadəcə milli valyutanın, yəni manatın son dərəcə möhkəmlənməsinin ölkə iqtisadiyyatı üçün faydalı olmadığını nəzərə çatdırıb.

Bu sözləri Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov deyib.

O bildirib ki, manatımızın dəyəri neftin ixrac qiymətindən asılıdır: “Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi məlum ənənəvi valyuta hərraclarına valyuta çıxaran hələlik yalnız Neft Fondudur. Yəni ölkəyə xarici valyuta gətirən başqa şirkətlərimiz yoxdur.

Söhbət daxili bazara manatla mübadilə etmək üçün xarici valyuta çıxara biləcək şirkətlərdən gedir. Buna nail olmaq üçün hələ uzun vaxt tələb olunur.

2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşdı. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində isə 0,01% möhkəmləndi.

Bundan sonra qabaqcadan rəsmi şəkildə bəyan edilməklə heç bir devalvasiya hadisəsi baş verəsi deyil. 2016-cı ildən bu məsələ valyuta bazarının öhdəsinə buraxılıb. Cəmi 2 dəfə rəsmi olaraq elan edilməklə manatın devalvasiyası baş verib ki, bu da 2014-cü ilin dekabr və 2015-ci ilin fevral aylarında olub.

Sonrakı, yəni 2016-cı il ərzində isə 15%-lik devalvasiya qeydə alındı, bu isə tədricən baş verdi. Odur ki, qarşıdakı zamanda nə vaxtsa yenidən rəsmi olaraq elan edilməklə manatın ABŞ dolları qarşısında filan qədər ucuzlaşdırıldığını eşitmək mümkün olmayacaq.

Manatın hər hansı bir formada və səviyyədə devalvasiyası baş verəcəksə, bunu AMB keçirdiyi məlum ənənəvi valyuta hərraclarının nəticəsində biləcəyik”.

İqtisadçı deyib ki, ümumiyyətlə, maliyyə naziri Samir Şərifovun manatın çox da möhkəm olmasının sərfəsizliyi haqda dediyi aydın məsələdir: “Nə qədər ki, neftin qiyməti 60 dollar civarındadır, manatın dəyəri ucuzlaşmağa deyil, bahalaşmağa meyllidir. Neft 50 dollardan aşağı düşərsə, məzənnəni saxlamaq çətinləşəcək. Belə bir ehtimal isə hələlik yoxdur. Olsa da, hökumət çalışacaq ki, manatı saxlasın. İndi bahalaşmağa qoymadığı kimi”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər