Azərbaycanda özünü solçu adlandıran partiyalardan bir neçəsi Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) qovulmuş adamlardır.
Bu barədə ASDP sədri Araz Əlizadə deyib.
Azərbaycanda solçu partiyaların koalisiyasının yaradılmasına ehtiyacın olub-olmaması ilə bağlı sualı cavablandıran A.Əlizadə hazırda buna zərurətin olmadığını deyib: "Solçu olan bir Kommunist Partiyası var, bir də Sosial Demokrat Partiyası. Başqa real sol partiya yoxdur. Bir neçəsi var, o da bir qovluğudur, bir də özüdür və onlardan bir neçəsi də bizim partiyadan qovulmuş adamlardır".
Qarşıdan gələn bələdiyyə seçkilərində iştirak məsələsinə toxunan A.Əlizadə rəhbərlik etdiyi partiyanın seçkilərdə iştirak edəcəyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, ASDP seçkilərdə heç bir partiya və ya blokla əməkdaşlıq etməyəcək: "Azərbaycan Sosial Demokrat Partiyası artıq öz qərarını verib; biz heç vaxt heç bir bloka, birliyə daxil olmayacağıq. ASDP vaxtilə bir neçə dəfə bloklarda fəaliyyət göstərəndən sonra belə bir qənaətə gəldik ki, əfsuslar olsun ki, bizim müxalifət siyasətçilərində bloklaşma, birləşmə, birgə fəaliyyət siyasi mədəniyyəti yoxdur. Saqqız kimi ortaya salıb uzadırlar ki, bir birləşəcəyik, qalib gələcəyik və s. Lakin bu insanların sözü heç vaxt o birinin boğazından keçmir və bunlar heç vaxt birləşməyiblər, birləşə də bilməyəcəklər".
/trend/