16 Dekabr 2018 16:37
1 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günü keçirilib.

Teleqraf.com-un məlumatına görə, ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən layihə tələbələrin universitetin rəhbər strukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur.

Özünüidarəetmə gününün mahiyyətini öyrənmək məqsədilə ali məktəbin əsas tədris binasına yollandıq. Bizi xəlifə-mətbuat katibi, universitetin Təhsil fakültəsinin 1-ci kurs tələbəsi Abbasova Seyidxanım qarşıladı. Xəlifə-mətbuat katibi bu günün xüsusiyyəti barədə məlumat verərək, universitetin müxtəlif strukturlarına rəhbərlik etmək uğrunda 251 tələbənin mübarizə apardığını söylədi. Onun sözlərinə görə, tələbələr tərəfindən iki mərhələli açıq səsvermə yolu ilə seçimdən sonra 31 vəzifə üzrə namizədlər seçilib: “Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Tələbələr icra etdikləri vəzifənin birgünlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən etibarən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.

Daha sonra rektorun qəbul otağına üz tutduq. Rektor vəzifəsinə seçilmiş Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Salman Quliyev bildirdi ki, ali tədris müəssisəsinə rəhbərlik etmək məsuliyyətli işdir: “Rektorun işinin bu dərəcədə ağır və məsuliyyətli olduğunu dərk etmək üçün həqiqətən də bir gün kifayət edir. Mənim üçün bu vəzifəni icra etmək fəxrdir. 251 tələbə arasından xəlifə-rektor seçildiyim üçün şanslıyam. Bu layihənin təşəbbüskarı olan hörmətli rektorumuz Kamal Abdullaya tələbələr adından minnətdarlığımızı bildirirəm”.

S.Quliyev həm də bir il ərzində bu layihənin “Kölgə kabineti”nin rəhbəri olacaq: “Tələbələr arasında sorğu keçirir, dərs otaqlarını girir və onları dinləyirik. Bununla yanaşı tələbələr müxtəlif promlemlərlə bağlı bizə müraciət edirlər. Tələbələrin daha çox kitab çatışmazlığı, texniki təchizat, dinləmə cihazlarının olmaması kimi problemləri var. Biz hər təklifə dəyər verəcək, onların reallaşması üçün əlimizdən gələni edəcəyik”.

Xəlifə-rektor universitetin tələbə yataqxanasına xüsusi diqqət ayrılacağını qeyd etdi: “Yataqxanada məskunlaşan tələbələrlə görüşüb onların problemlərini dinləyəcəyəm, səlahiyyətlərimiz daxilində təklifləri dəyərləndirməyə çalışacağam. Oğlan tələblərin yataqxanalarda məskunlaşdırlması məsələsinə də baxacam. Necə ki, hazırda Universitetimizin qızlar yataqxanasından digər universitet tələbələri də yararlanırlar. Biz də ehtiyacı olan oğlan tələbələrimizin digər universitetlərin oğlanlar üçün ayrılan yataqxanalarında yerləşdirilmələri üçün müəyyən təkliflər irəli sürəcəyik. Təbii ki, istərdik ki, özümüzün oğlanlar üçün nəzərdə tutulan yataqxanamız olsun. Lakin bunun üçün həm maliyyə tələb olunur, həm də müəyyən zaman lazımdır”.

Tədris işləri üzrə prorektor vəzifəsini tutan Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Elşad İbadzadə bizimlə söhbətində tələbənin xeyrinə qərarlar verməyə çalışdıqlarını söylədi: “Özüm də tələbəyəm. Tələbələrin ən çox müraciət etdiyi məsələ imtahanlarla bağlıdır. Əsas təkliflər imtahanların test üsulu ilə olması, imtahanlarda biletlərin dəyişdirmə şansının yaradılması, əlavə vərəqlərin verilməsi və sairdən ibarətdir”.

“Şikayətlənirdilər ki, təqaüdlərimiz niyə gec verilir”

Tərbiyə işləri üzrə prorektor olan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi, xəlifə-prorektor Lamiyyə Əhmədzadə dedi ki, seçkilərdə ən çox səslə seçilən xəlifə məhz özüdür: “Bu gün bir şeyi kəşf etdim. Rektor və digər prorektorlarla dərs otaqlarına getdik. Bəziləri şikayətlənirdi ki, təqaüdlərimiz niyə gec verilir və yaxud da bizə niyə təqaüd verilmir. Bu məsələləri araşdıranda aydın oldu ki, bu, kimsənin əlində olan şey deyil, qayda-qanun bunu tələb edir”.

Platformasında qeyd etdiyi təkliflərin həyata keçirilməsi prosesindən danışan Lamiyyə Əhmədzadə tələbələrin və kafedraların ümumi səsverməsi ilə kafedralar üzrə ilin müəllimlərinin seçiləcəyini bildirdi: “Bu gün artıq bununla bağlı əmr vermişəm. Bu təşəkkürnamə kimi onların şəxsi işlərinə əlavə olunacaq. Digər bir təklifim isə yuxarı kursların aşağı kurs tələbələrinin istifadə etməsi üçün dərslik kitablarını qoyması üçün “götür-qoy” rəflərinin yaradılması ilə bağlı idi ki, artıq onunla bağlı da əmr verildi. Digər məsələlər isə bufetdəki qiymətlər, kitabxana ilə bağlıdır”.

Elmi işlər üzrə xəlifə-prorektor Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Lamiyyə Məmmədova universiteti bitirmədən bir günlük də olsa bu vəzifəni icra eləməyin böyük şərəf olduğunu qeyd etdi: “Elmi işlər üzrə prorektor Seyfəl Həsənovun işinin bu qədər ağır olduğunu sanmazdım. Günün yarısı olmasına baxmayaraq mən bu gün bu çətinliyin şahidi oldum. Otağıma bir tələbə gəlmişdi və məni bu otaqda görən kimi təəccüblənərək mənim burda işləyib-işləmədiyimi soruşdu. Tələblər əsasən fərdi işlərlə bağlı, ixtisas fənlərinin sayının artırılması, Tələbə Elmi Cəmiyyətinin işinin daha da aktiv olması, konfranslarda tələbələrin müəllimlərdən daha çox bu işə cəlb edilməsi kimi təkliflərlə gəldilər. Mən də öz səlahiyyətimə uyğun olaraq onlara məlumat vermişəm və bu təkliflər üzərində çalışıram”.

“Prorektorun maşınından düşər-düşməz hamı alqışladı”

Beynəlxalq əlaqələr üzrə xəlifə-prorektor, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Seyidova Diana da bu günlə bağlı öz təəssüatlarını Teleqraf.com-la bölüşdü: “Düşünürəm ki, bu gün biz tələbələr üçün xüsusi bir rol oynayır. Həm idarəetmə, həm də qərarların qəbul edilməsi bacarıqlarına yiyələnmək baxımından bu layihə çox əhəmiyyətlidir. Platformamda təklif etmişdim ki, ADU-nun xaricdə təhsil almış tələbələrinin bir mərkəzi qurulsun, digər tələblər onlarla əlaqləndirilsin və xaricdə təhsil, qəbul şərtləri, hansı sənədlərin toplanmasının vacibliyi və sairlə bağlı fikirlərini öyrənsinlər. Bəzi tələblər var ki, xaricdə oxumaq istəyirlər, lakin bununla bağlı heç bir məlumatları yoxdur. Düşünürəm ki, bu mərkəz belə tələbələrə yardımçı ola bilər”.

Diana Seyidova tələbələrin ona olan münasibətindən də söhbət açdı: “Bu gün universitetin 3 nömrəli tədris binasına Rumıniya səfiri gəlmişdi. Mən də o tədbirdə iştirak etməli idim, məni xidməti maşın müşayiət elədi. Həmin tədris binasında oxuduğum üçün orada daha çox dost və tanışlarım var. Maşından düşər-düşməz hamı “Diana” deyərək qışqırmağa, alqışlamağa başladılar, çox qürurlandım”.

Filologiya və jurnalistika fakültəsinin xəlifə-dekanı, elə həmin fakültənin 3-cü kurs tələbəsi Bağırova Əfsanə ilə də həmsöhbət olduq: “Platformamda qeyd etdiyim kimi auditoriyaların texniki təchizatının yaxşılaşdırılması, əsas tədris binasında oxu zalının yaradılması və semestr imtahanlarında ən yüksək bal ortalaması olan tələbələrə mükafatın verilməsi ilə bağlı qərarlar hazırlamışam və təsdiq olunması üçün müvafiq xəlifə prorektorlara təqdim etmişəm”.

Amerika mərkəzinin xəlifi-müdiri, Filologiya və jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Fərəczadə Tamilla da bu günün onun üçün xüsusi bir gün olduğunu bildirdi: “Bu gün mənim üçün həqiqətən də bir ömürlük xatirədir. İş vaxtı bitənda müdirin otağından ayrıla bilmirdim. Bu hissləri hər bir tələbəyə arzu edirəm”.

SABAH qrupunun xəlifə dekanı, elə həmin fakültənin 2-ci kurs tələbəsi Məmmədova Vüsalə də söylədi ki, dekan olmaq heç də göründüyü kimi asan deyil. Xəlifə-dekan əsasən SABAH qruplarında texniki təchizatla bağlı problemlərin olduğunu və bütün çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qərarların veriləcəyini bildirdi.

“Müəllimlərin müraciət edəcəyini gözləmirdim”

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin xəlifə-dekanı, həmin fakültənin 2-ci kurs tələbəsi Məsim Rəfili bu günün onun üçün xüsusi bir gün olduğunu qeyd etdi: “Mənim üçün bu layihənin önəmi həm də ondan ibarətdir ki, biz idarəçilik sahəsində təcrübə qazanırıq və tələbələrin xeyrinə müəyyən qərarların qəbul olunmasında iştirak edirik”.

Məsim Rəfili tələblərin ən çox qayıbların silinməsi ilə bağlı müraciət etdiyini dedi: “Müəllimlərin də mənə müraciət edəcəyini gözləmirdim. Fənnin tədrisinin bir gündən digər günə keçirilməsi və sair təkliflərlə müraciət etmişdilər”.

Əsas tədris binasında xəlifələrlə həmsöhbət olduqdan sonra yollandıq Universitetin 2 və 3 nömrəli tədris binalarına...

Təhsil fakültəsinin xəlifə-dekanı, həmin fakültənin 2-ci kurs tələbəsi Cəbrayılzadə Səbinə təəssüratlarını bizimlə bölüşdü: “Bu gün bacardığım qədər tələbələrlə ünsiyyət yaratmağa çalışdım. Kamal müəllim universiteti tələbələrin gözü ilə görmək istədiyini bildirmişdi. Yəqin ki, biz tələbələr tələbələr arasında olan problemləri universitet rəhbərliyindən daha tez başa düşürük”.

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin xəlifə-dekanı, həmin fakültənin 2-ci kurs tələbəsi Mirzəzadə Cavid bu fakültənin dekanı vəzifəsini xəlifə seçilməmişdən öncə də məsuliyyətli və ciddi bir iş olduğunu dərk etdiyini söylədi: “Bu gün bunun bir daha şahidi oldum ki, həqiqətən də məsuliyyətli bir vəzifəni icra edirik”.

- Platformanızda fakültənin avtomobil qəzasında həyatını itirmiş tələbəsi “Mirzəyev Mais” adına təqaüd təsis edəcəyinizi və bu təqaüdün semestr imtahanlarında ortalama balı yüksək olan tələbəyə veriləcəyini söyləmişdiniz. Bu təkliflə bağlı müyyən qərar qəbul etdinizmi?

- “Mirzəyev Mais bizim fakültənin tələbəsi idi və avqust ayında avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Həm tələbənin ruhunun şad olması, adının uca tutulması, həm də imtahanlarda yüksək ortalama bala sahib hər ixtisasdan bir tələbənin həvəsləndirilməsi üçün bu təklifi irəli sürmüşdüm. Xəlifələr olaraq bu il bizə verilcək bir günlük əməkhaqqı hesabına xəlifə fondunu yaratmağı qərara aldıq. Bu fond vasitəsilə bu layihəni realaşdırmağı düşünürük”.

Əlavə təhsil və təcrübə fakültəsinin xəlifə-dekanı, Təhsil fakültəsinin 2-ci kurs tələbəsi Əsgərova Aydan üçün də bu gün çox özəl bir gündür. “Hər gün tələbə kimi gəldiyimiz universitetə rəhbər vəzifələrin icraçısı kimi gəldik. Bu günü unutmayacağam”.

Kitabxana şöbəsinin xəlifə-müdiri, Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Məmmədzadə Teybənin sözlərinə görə, əsas tədris binasında oxu zalının yaradılması ilə bağlı qərar qəbul edib: “Kitabxana fondunun və Abbas Səhhət adına oxu zalının təmirə ehtiyacı olduğunu və tələbələrin oxucu kartlarının elektronlaşdırılması ilə bağlı təklifləri rəhbər qurumlara bildirmişəm və bu problemlərin həyata keçirilməsi ilə bağlı əlimdən gələni edəcəyəm”.

Sonda universitetdən xoş təəssüratlarla ayrıldıq...

Qeyd edək ki, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə layihə çərçivəsində müvafiq olaraq “Azərbaycan və Serbiya arasında əlaqələr”, “Hindistanın biznesi və turizmi”, “Gündoğan ölkə – Yaponiya”, “Rumıniyanı tanıyaq və tanıdaq”, “Koreyada tanışlıq və Koreyada Yeni il”, “Austria’s culture nowadays” mövzusunda tədbirlər, müxtəlif dillərdə film nümayişləri və “Dünyada rus dili səfirləri” ilə görüş baş tutub.


Müəllif: Akqabay Mıradov