18 Dekabr 2018 13:58
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun ünvanına deyilmiş fikrə münasibət bildirmək istəmirdim. Əlbəttə, qəhrəmanımızı əleyhinə fikir söyləyən şəxs elementar diqqətə layiq olmadığı üçün”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Mübariz İbrahimovu təhqir edən şəxsin əməli yanlış olduğu qədər də qeyri-insanidir:

“Əvvəla, ona görə ki, bir insanın arxasınca danışmaq qeybətdir. Qeybət isə peyğəmbərimizin təbirincə desək, ölmüş qardaşının ətini yeməyə bərabərdir. Eyni zamanda, arxasınca danışdığın fikir əgər həqiqəti əks etdirirsə, qeybətdir, doğru deyilsə, (hansı ki, bu fikrin doğru olmadığı və şər otaqlarından gələn bir sifariş olduğu hiss olunur) böhtandır və bunun əvəzi ağırdır.

Bir də külək möhtəşəm qayanın tozunu və torpağını təmizləməkdən başqa bir işə yaramaz. Biz bunu türk dünyasının öz qəhrəmanını necə müdafiə etməsində də gördük”.

Natiq Miri bu məsələyə siyasi tərəfdən yanaşmadığını və bunun siyasi yox, insani və mənəvi məsələ olduğunu diqqətə çatdırıb:

“Burada da nəyisə sübut etməyə heç bir hacət yoxdur. Çünki qəhrəman balamız hər kəsin getmək istədiyi, ancaq işğal üzündən heç cür gedə bilmədiyi ana vətənimizdəki düşmən üzərinə topla, tüfənglə getmədi, cəsur ürəyi, vətən eşqi ilə getdi. Onu öldürmək istəyənləri yalın əliylə öldürdü və bu da təbiidir, islamidir. Çünki vətəni sevmək imandandır. Bunun əksi küfrdür, xəyanətdir, qorxaqlıqdır, həqiqətə üsyandır. Bunu da Mübariz balamızın arxasınca hədyanlıq edənlərin fikirlərində gördük. Ancaq narahat olmayın, imkan verin öz bataqlıqlarında boğulsunlar. Çünki niyyətləri haradırsa, mənzilləri də oradır”.

Qeyd edək ki, psixoloq Nərmin Şahmarzadə sosial şəbəkədə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovu təhqir edib.

Psixoloqun İbarhimoun ünvanına səsləndirdiyi təhqiramiz ifadələr etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu