Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2018-ci il dekabrın 29-dan 2019-cu il yanvarın 3-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək. Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.