Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı Dənizkənarı Bulvar İdarəsi ilə birgə "Bakı əziz şəhər" adlı yeni layihəyə start verir.
Teleqraf. com xəbər verir ki , Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru Ramil Qasımovun sözlərinə görə, bu layihə dekabrın 29-da start götürəcək. O bildirib ki, bu gün Bakımızın iftixar yeri olan bulvarda biz dincələrkən hər birimiz buranın gözəlliyindən zövq alır, bu şəhərdə yaşamaqdan qürur duyuruq:
"Yaradılan bu gözəlliyə və şəraitə görə, dövlətimizə təşəkkür edirik. Dənizkənarı Milli Bulvar İdarəsi ilə düşünülmüş yeni layihə zənnimcə ölkəmizin mədəni-siyasi həyatında bir hadisəyə çevriləcək. Dekabrın 29-dan start götürəcək "Bakı əziz şəhər" adlı layihə çərçivəsində ilk konsert proqramı Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə "Yeni il gəlir" konsert proqramı olacaq. Layihənin 29-u tarixində start götürməsi heç də təsadüfi deyil. Belə ki, 20 il bundan öncə sevimli Bulvara milli statusu məhz bu tarixdə verilib. Əlbəttə, bu cür layihələrin təşkili mədəniyyətimizin təbliği və gənc istedadların üzə çıxmasına zəminlik yaradır.
Dənizkənarı Milli Parkla da düşünülmüş layihənin ayda bir dəfə keçirilməsi nəzərdə tutulur. Məqsəd Azərbaycanda ölkəmizə təşrif buyuran turistlərə milli mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Milli Parkda istirahət edən insanların vaxtının səmərəli və əyləncəli keçirməsidir. Düşünülmüş layihə çərçivəsində mütəmadi olaraq rəsmi günlər, eyni zamanda əbədiyaşarlarin yaradıcılığına həsr olunmuş musiqili gecələr keçiriləcək, musiqilər tanınmış, görkəmli incəsənət ustalarının ifasında təbliğ olunacaq. Milli musiqimizlə yanaşı, dünya klassik nümunələrini də təqdim etməyi planlaşdırırıq".
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin müşayiəti ilə solistlərin ifası lentə alınaraq geniş auditoriyaya təqdim olunacaq.