4 Yanvar 2019 09:12
2 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası, eləcə də Ordubadın müdafiəsində adı açıqlanmayan bir neçə yüksəklik önəmli rol oynayır. Həmin yüksəkliklər strateji əhəmiyyətə malikdir.

Bu haqda məlumat verməyimiz səbəbsiz deyil. 28 il öncə sözügedən yüksəkliyin sovet ordusundan azad edilməsində böyük fədakarlıqlar göstərmiş, bir neçə il isə 40 dərəcə şaxtada həmin yüksəkliyin erməni quldurlarından müdafiəsini təşkil edən vətən oğlu Fərəc Cəfərov Hematologiya və Transfuziologiya İnstitutunda indi öz həyatı uğrunda mübarizə aparır.

Onu müalicə olunduğu xəstəxanada ziyarət edirik. İçəri girər-girməz başı üstündəki üçrəngli bayraq diqqətimizi çəkdi. Deyir, harada oluram-olum, bu bayraq başımın üstündə asılmalıdır, çünki uğrunda canımı əsirgəmədiyim bayrağım mənə böyük ümid verir.

Fərəc Cəfərov 1969-cu ildə Ordubad rayonun Dırnıs kəndində anadan olub. 1987-ci ildə sovet ordusunda hərbi xidmətə başlayıb, 1988-ci ildə Əfqanıstana göndərilib, bir il qalandan sonra geri dönüb.

Deyir ki, doğma torpağa qayıdan kimi, yəni 1989-cu ildə torpaqların müdafiəsi üçün Ordubadda postlara yollanıb: “Hətta gecəylə Sədərəkə də gedib-gəlirdik, ilk könüllü birləşmələrin yaranmasında iştirak edirdim. 1991-ci il dekabrın 17-də 26 nəfər vətənsevərlə çox böyük əhəmiyyətə malik postu aldıq. Kənzə adlanan yerdən həmin zirvəyə 17 kilometrlik yol idi. Bizə məlumat daxil olmuşdu ki, bu yüksəklik ermənilər tərəfindən alınacaq, bizim komandanlığın təşəbbüsü ilə irəli düşdük. Ora çox əhəmiyyətli post idi, düşmən tərəfindən alınsaydı, Ordubada təhlükəli ola bilərdi”.

“Soyuq” əməliyyatı haqqında düşünə-düşünə danışır. Görünür, xəyalı o dağlarda dolanır, o günləri yenidən yaşayırmış kimi həyacanlanır. Deyir ki, orda hətta avqust ayında da qar olur: “Biz isə qışın ən sərt vaxtında yüksəkliyə qalxmaq üçün 12 saat qarda-şaxtada yol getdik.

“Salam” təpəsi deyilən bir yer var idi, yolda çovğuna düşdük, döyüşçülərdən 6 nəfərinin ayaqları dondu, onları müxtəlif yerlərdən amputasiya etdilər. “Salam” təpəsindən qalxdıq, hamı yorğun idi... Amma döyüş gördüyüm üçün bu mənə adi gəlirdi. Az qalırdı təpəni qalxaq, gördüm yuxarıdakı təpədəki gözətçi var, bizi mühasirəyə salmaq istəyirlər.

Onu kürəyindən vurdum, təpəni təhvil götürdük. Silah anbarını boşalmışdılar, çünki əvvəlcədən hiss edirdilər ki, bura kimlərsə gələcək”.

Danışarkən cəsurluğu və döyüş ruhu diqqəti cəlb edir deyə hərbi təhsilinin olub-olmadığını soruşuruq. Hərbə maraq göstərdiyini, bir az da əsgərlik vaxtında təcrübə qazandığını söyləyərək söhbətinə davam edir:

“Əsgərlərin 5-6-sını qabağa buraxandan sonra onların arxasınca qaçdım, yüksəkliyi tam nəzarətə götürdük, ermənilərin gizli yerlərdə saxladıqları silahları tapdıq və anbara yığıb möhürlədik. Biz ora çıxanda silah-sursat az idi, 3030 avtomat var idi, onlar özləri üçün saxlamışdılar”.

Fərəc Cəfərov deyir ki, bir gün sonra 5 nəfərlə qalxıb, bu strateji yüksəkliyi götürüb post qurublar: “Təpələrə də özüm ad verdim. Şərti olaraq birinci, ikinci, üçüncü təpə deyə qeyd elədik.

Orda işıq problem idi, şərait çox pis idi. Oranı təhvil alandan sonra generator söndü, yandıra bilmədik, çünki yararsız hala salmışdılar. Düşmən istəyirdi biz orda donub ölək. Generatorlar xarab olandan sonra bir gecə orda qaldıq, odun sobası da yox idi. Hərəmiz üstümüzə 3-4 matros atmışdıq, gecə ayıldım ki, üşüyürəm, üzüm pəncərəyə sarı idi, gözümü açanda hər yeri ağappaq gördüm.

Bir anlıq harada olduğumu düşündüm, gözlərimi sildim, elə donmuşdum ki, heç nə hiss eləmirdim. Əlimi çəkəndə qara dəydi, sən demə, külək pəncərəni vurub açıb, qarı otaqda ikinci çarpayıya qədər doldurub. Qar üzümə dəyirdi, uşaqlardan da səs çıxmırdı. Güc-bəla ilə onları oyatdım. Döndüm termometrə, baxdım ki, mənfi 42 dərəcədir, tüklərim biz-biz oldu. Kazarma soyuq, külək isə içəridə əsirdi.

Bir az odun var idi, yandırdıq, hər tərəfi tüstü basdı, heç istinə də bilmədik. Deməyim odur ki, üç gün belə keçirdik. Uşaqlar dedi ki, qalmağa gücümüz çatmır, biz gedirik. Dedim, siz gedin, mən tək qalacağam. Oranı 3 gün tək idarə elədim, sonra köməyə gələnlər heç tək qaldığımı da bilmədilər”.

Bir az fasilə verir, düşüncəli-düşüncəli əlavə edir ki, axı heç kim bizə məcbur eləməmişdi, əgər getmisənsə can-başla döyüşməlisən: “Tək qaldığım müddətdə atışma da oldu, 4 silahla döyüşürdüm, heç kim hiss etmədi ki, təkəm. Elə bilirdilər əsgər çoxdur. Sonra şərait yaradıldı, generatorlardan biri düzəldildi, yaza doğru atışmalar başladı”.

Keçmiş komandir deyir ki, ordudan 1993-cü ildə, Culfa postunu təhvil verəndə ayrılıb: “Artıq Azərbaycan ordusu formalaşmağa başlayırdı. Mənə konkret qalmaq təklifi eləmədilər, amma dəstək lazım olanda gedirdim”.

Hərbə başı qarışdığı üçün gec evlənib, 5 və 10 yaşında iki oğlu var, indi təsərrüfatla məşğuldur. Əkib biçir, dolanırmış, ta ki xəstəliyə tutulana qədə...

Bel ağrısı ilə həkimə müalicəyə gəlib, ailəsindən nigarandır, tezliklə kəndinə dönəcəyini gözləyir. Ən azından o belə bilir.

Fərəc Cəfərovun xəstəliyi haqqında bizə məlumat öz həkimi, Hematologiya və Transfuziologiya İnstitutunun hematoloqu Nərmin Həsənova verir.

Həkim deyir ki, xəstəlik çox saylı mieloma, sümük iliyinin xəstəliyidir, bir növ qan xərçəngi sayılır: “Müalicə kimyəvi terapiya ilə gedir, müasir preparatlarla terapiya aparılır, birinci kursa başlamışıq. Vəziyyəti stabil ağırdır, normal gəzməsinə, danışmasına baxmayaraq sümük iliyində şiş hüceyrələri çoxdur”.

Həkim qeyd edir ki, indi nələrisə dəyərləndirmək mümkün deyil, 3-4 kurs müalicədən sonra təkrar sümük iliyi götürüləcək: ”Hazırda müalicə üçün nə lazımdırsa olunur. Müalicəyə müsbət cavab versə, iki kurs da kimyəvi terapiya aparılacaq, sonra saxlayıcı terapiyaya keçiriləcək. Xəstəlik tam sağalmır, müalicə sadəcə ömrü uzadır. Cavan olduğu üçün sümük transplantasiya oluna bilər, amma buna da ciddi maddi vəsait lazımdır”.

Vətəni uğrunda heç bir mükafat gözləmədən, ürəklə, var gücü ilə mübarizə aparmış, şərəfli döyüş yolu keçmiş bir komandir indi yataqda ölüm-qalım mübarizəsi aparır. Dağ havasına, genişliyə öyrənmiş bir adama ailəsini kimsəsiz buraxaraq müalicə üçün balaca bir otaqda kömək gözləmək olduqca çətindir.

Bu çətinliyi aradan qaldırmaq üçünsə ona yardım, dəstək lazımdır. Vətən oğulsuz qalmasın deyə....


Müəllif: Aytən Yusifova