Məşhur rus aktyoru Aleksey Serebryakov ailəsi ilə birlikdə Rusiyanı tərk edib.
Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, 50 yaşlı aktyor Rusiya vətəndaşlığından imtina edərək Kanada vətəndaşlığını qəbul edib.
O öz addımını belə əsaslandırıb: “Çox vaxt Rusiyada deyirlər ki, Qərb ölkələrinin təbəssümü sünidir. Ancaq mənə görə, süni gülüşlər təbii zülmdən yaxşıdır. Bizdə tamamilə qul psixologiyası hökmrandır. Demokratiya isə məsuliyyət deməkdir! Xalq ən yaxşı halda kimisə hakimiyyətə nümayəndə göndərir. Bununla da sanki – biz səni seçmişik, sən də hər şeyə görə cavab ver, bizim problemlərimizi həll et! – deyir.
Demokratiya – qərarları biliklərə, dəqiq idraka əsaslanaraq qəbul etmək deməkdir, nəyi nəyə görə seçdiyini anlamaq deməkdir. Şəxsən mən insanların təhsil almaq, inkişaf etmək, öz ixtisasını artırmaq, işləmək və nəhayət, ölkə üçün, dövlət üçün məsuliyyət daşımaq arzularını görmürəm. İstəyənlər isə dənizdə damla qədərdirlər”.
Serebryakov onu da əlavə edib ki, övladlarının elmə, biliyə, zəhmətkeşliyə qiymət verildiyi ölkədə böyüməsini istəyir, elə bir yerdə ki, orada özünə yol açmaq üçün kimisə itələməyə, ədəbsizlik etməyə, aqressiv olmağa və insanlardan qorxmağa gərək yoxdur. Aktyor əmindir ki, Rusiyada öz övladlarını bütün bunlardan qoruya bilməyəcəkdi.