7 Yanvar 2019 15:19
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Niderlandda yaşayan həmyerlimiz, orda fəaliyyət göstərən ”Connect”(Konnekt) təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” proqramında canlı yayımda qonaq olub.

Bu barədə məlumatı Teleqraf.com-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

O bildirib ki, proqram bir saat çəkib və veriliş boyunca altı Azərbaycan musiqisi - “Küçələrə su səpmişəm,” Ü. Hacıbəyovun “Arazbarı”sı, Röyanın ifasında bir mahnı, Maestro Ceyhunun ifası, Ənvər Sadıqovun ifası və “Sarı gəlin” mahnıları səsləndirilib:

“Proqramda 1918 – ci ildə qurulmuş ADR – dən, Sovet ordusunun 1920 – ci ildə Azərbaycanı işğal etməsindən, 1988 – ci il meydan hərəkatından, 1990 – cı il 20 yanvar hadisələrindən, torpaqlarımızın 20%-nin işğalda olmasından, ölkəmizdəki dini azadlıqdan, turizm imkanlarımızdan, milli mətbəximizdən və s. söhbət açılıb.

Həmçinin Azərbaycandakı Alban kilsələri, İçəri şəhər və digər yerlər də söhbət mövzusu olub”.

Eyni zamanda Azərbaycanın gözəl və füsunkar təbiətindən söz açan Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib.

Rəhbərlik etdiyi “Konnekt” təşkilatının gələcək planlarından danışan soydaşımız əvvəllər olduğu kimi, yerli iş adamları ilə söhbətləri davam etdirəcəklərini, sponsor tapacağı halda Azərbaycanda da Niderland mədəniyyət gecəsinin təşkil olunmasını düşündüklərini deyib.

Proqram Cənubi Azərbaycanlı soydaşımız Parisa Arslaninin ifasında “Sarı gəlin” mahnısı ilə yekunlaşıb.

Vüqar Abbasovun dediyinə görə, özü bilərəkdən bu mahnını məhz cənublu soydaşımızın ifasında seçib təqdim edib ki, dinləyicilər Vətənimizin 1828-ci ildə ikiyə bölünməsi və hazırda Azərbaycanın böyük bir hissəsinin İran ərazisində olması barədə həqiqətləri bilsin”.


Müəllif: Aytən

Oxşar xəbərlər