26 Yanvar 2019 22:40
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəxsi kolleksiyamızda üzərində əski əlifba ilə yazı olan bir fotoşəkil var. Kiçik ölçülü fotoda 10-dan çox adam və Türkiyə bayrağı əks olunub. Burada dizlərini yerə qoymuş iki musiqiçi də var – birinin əlində tar, digərində isə qaval. Musiqiçilərin zahiri görünüşü və musiqi alətlərinə görə fotonun Azərbaycanla bağlı ola biləcəyini güman etdik. Fotonun surətini professor Ədalət Tahirzadəyə göndərdik.

Şəklin üzərindəki yazını Ədalət bəy bu cür oxudu: “Sarıqamış: 12 eylül 28-də zəfər alayı xatirəsi. Yunan ordusunun məhv və pərişanı və Sakarya müzəffəriyyətinin yıldönümü təsisi günü. Azərbaycan türk operet heyəti”.

Təxminimiz doğru çıxdı, fotodakı musiqiçilər Azərbaycan türkləri idilər, 1928-ci ildə Sakarya zəfərinin 7-ci ildönümündə iştirak etdikləri anı əbədiləşdirmişdilər.

***

Tarix 1918-ci il, 30 oktyabr.

I Dünya müharibəsindən məğlub çıxan Osmanlı xanədanlığı Mondros sazişini imzalamağa məcbur olur. Dörd gün sonra, noyabrın 4-də Mosul ingilislər tərəfindən işğal edilir. 8 noyabrda Çanaqqala boğazı müttəfiqlər, 9 noyabrda isə İskəndərun ingilislər tərəfindən ələ keçirilir. 9 noyabrda həmçinin Maraş, Urfa, Antep şəhərləri fransızlar tərəfindən tutulur. 13 noyabrda isə müttəfiqlər İstanbulu işğal edə bilirlər. 15 noyabrda Osmanlı ordusu Bakıdan çəkilir. 30 mart 1919-cu ildə isə Paris Sülh Konfransında İzmirin yunanlara verilməsi qərara alınır. 15 may 1919-cu ildə yunanlar İzmiri ələ keçirirlər. Beləliklə, 1918-1919-cu illər arasında Türkiyə şəhərləri fransızlar və ingilislər tərəfindən işğal edilir. 1920-ci il avqustun 10-da isə Türkiyənin məhvinə hesablanan Sevr müqaviləsi imzalanır.

Artıq Türkiyənin tək bir yolu qalmışdı: Bütün xalqı səfərbər edərək Qurtuluş savaşına başlamaq. 1919-cu ilin mayın 6-da Mustafa Kamal paşa 9-cu ordunun komandanlığının müfəttişi təyin olunur. 19 mayda paşa Samsuna gəlir və həmin gün sonralar türk tarixində Qurtuluş savaşının başlanması kimi qəbul edilir. Qurtuluş savaşının önəmli mərhələləri bunlardır: Sarıqamış (20 sentyabr, 1920), Qars (30 oktyabr, 1920) və Gümrünün (7 noyabr, 1920) azad edilməsi; Çukurova, Qaziantep, Maraş və Urfa müdafiələri (1919-1921); I İnönü zəfəri (6-10 yanvar, 1921); II İnönü zəfəri (23 mart-1 aprel, 1921); Sakarya zəfəri (23 avqust-13 sentyabr, 1921); Böyük Hücum, Başkomandanlıq döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr, 1922).

Qurtuluş savaşının dönüm nöqtəsi Sakarya zəfəridir. Bu savaşda türk ordusunun komandanları Mustafa Kamal paşa, İsmət paşa və Fevzi paşa idi. Mustafa Kamalın “qan gölü” adlandırdığı bu savaşda türklər böyük itki versələr də, qalib gəlmişdilər. Sakarya zəfərindən sonra 19 Sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və Qazi titulu verir. Bu ünvanı qəbul edən Mustafa Kamal bildirir: “Sizin kimi komandanları, zabitləri, əsgərləri olan bir millətin xaricilərin hakimiyyəti altında kölə olması mümkün deyil”.

Daha sonra Mustafa Kamal nitqində bu ünvanı hərbi həyatının öyünüləsi ən böyük hadisəsi kimi qəbul edəcəyini qeyd edir. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatır. Türkiyə Sevr müqaviləsində (1920) paramparça edilmiş məğlub durumdan beləcə xilas edilir və bugünkü Türkiyənin əsası qoyulmuş olur. 1 noyabr 1922-ci ildə səltənət aradan qaldırılır, 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edilir, Mustafa Kamal ilk prezident seçilir. Oktyabrın 30-da isə İsmət İnönü tərəfindən ilk hökumət qurulur.

Qurtuluş savaşında Azərbaycan

Anadoluda Qurtuluş savaşı başladılarkən Azərbaycanda bir il idi ki, Cümhuriyyət qurulmuşdu. Hələ I Dünya müharibəsi dönəmində Osmanlı ordusuna müxtəlif yardımlar edən azərbaycanlılar bu dəfə rəsmi hökumətləri vasitəsilə dəstək göndərdilər. Professor Cəmaləddin Taşkırana görə, Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı miqdarında pul yardımı göstərir, neft və çek qəbzlərini imzalayaraq Milli Mübarizə rəhbərlərinə təhvil verir. Türk tədqiqatçı Əbdülhəmid Avşar isə “Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri” adlı əsərində yazır: “1,5 milyon franklık pulun göndərilişi Mustafa Kamal Paşanın 18 may 1921 və 16 noyabr 1921- ci il tarixlərində, TBMM-nin Bakı təmsilçisi Mehmud Şövkət (Esendal) bəyə yazdığı məktublarında da təsdiq edilməkdədir”. Cümhuriyyətin devrilməsindən sonra Şura hökuməti dönəmində də Azərbaycanla-Türkiyə arasındakı bu münasibətlər davam edir. Həm Nəriman Nərimanov, həm də Mustafa Kamal Atatürklə bağlı arxivlərdə müxtəlif sənədlər var. Məsələn, 3 may, 1920-ci il tarixində Mustafa Kamalın 15-ci Kolordu Komandanı Kazım Qarabəkirə göndərdiyi şifrəli teleqrafda yazılır:

“15-ci Kolordu Komandanı Kazım Qarabəkir Paşa Həzrətlərinə! Əldə beş para olmadığı zati alilərinizə məlumdur. İndilik daxilində bir mənbə də tapılmayır. Başqa tərəfdən təmin edilincəyə qədər Azərbaycan hökumətindən azami miqdarda İstiqraz aktı imkanının araşdırılması və təmin buyrulmasını rica edirəm. Böyük Millət Məclisi Rəisi M.Kamal”.

Azərbaycan Şura hökuməti Türkiyədən dəstəyini əsirgəmir. Əvvəlcə Cümhuriyyət dönəmindəki çekləri təqdim edilən pulun qalan 1 milyon franklıq qismi ödənilir. İnönü savaşlarından sonra 32 vaqon mazut və benzin, 8 vaqon maye qaz göndərilir. “Böyük Hücum”dan öncə isə – 1922-ci ildə Batum yolu ilə 350 ton neft və 9 min tondan artıq maye qaz verilir. Bir faktı da qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin işğalından sonra Azərbaycan Milli qoşunlarının albayı Səməd Sayqın öz bölüyü ilə birlikdə Güney Azərbaycan üzərindən Ərzuruma gələrək, Anadolu milli mübarizəsi sıralarına qoşulur. Bu kimi faktlar kifayət qədərdir və bunlar göstərir ki, azərbaycanlılar istər Qurtuluş savaşı illərində, istərsə də ondan sonrakı dönəmdə Türkiyənin milli mübarizəsinə hər zaman dəstək olublar. Azərbaycan mühacirət mətbuatı da həmişə öz səhifələrində 30 avqust Zəfər bayramına yer verib. Bu baxımdan əldə etdiyimiz foto da onu göstərir ki, sonrakı illərdə də bu zəfərlərin ildönümlərində azərbaycanlılar ön sıralarda olublar. Təəssüf ki, əldə etdiyimiz, Sakarya savaşının 7-ci ildönümündə çəkilən fotodakı azərbaycanlı musiqiçilərin kim olduğunu bilmirik. Böyük ehtimalla mühacirətdə fəaliyyət göstərən bir heyət imiş. Amma Sovet Azərbaycanından gələn nümayəndələr olması ehtimalı da mümkündür.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər