29 Yanvar 2019 10:22
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız-qış aylarında ölkədə qrip virusuna yoluxma halları artır.

Çoxumuz ətrafımızda olan insanların tez-tez xəstələndiyini və bu xəstəliklərin uzun müddət insan orqanizminin tərk etmədiyinə şahid oluruq. Son zamanlar qonşu ölkədə donuz qripinin yayılması da insanları təşvişə salır və cüzi xəstəlik olan kimi qorxmağa başlayırlar.
Halbuki ev şəraitində sadə üsullarla qrip və virus infeksiyalarının qarşısını almaq mümkündür.
Bu barədə Teleqraf.com-a həkim-fitoterapevt Elnur Rəhimov danışıb.
Həkimin sözlərinə görə, əslində ölkəmizdə təkcə qrip yox, bir sıra virus xəstəlikləri yayılıb: “Çünki biz belə xəstələrin hər birinə kəskin respirator virus infeksiyası adını qoyuruq. Onlardan qorunmaq üçün istifadəsi vacib sayılan bir sıra təbii vasitələr var.
Məsələn, təbii virus əleyhinə maddələrdən biri propolisdir. Sonra təbii antibiotik sayılan salvin maddəsi var ki, adaçayının tərkibində olur. Bir də çökə bitkisini məsləhət görürəm. Bir çay qaşığından tutmuş bir xörək qaşığına qədər çökəni uşaqdan böyüyə hər kəs istifadə edə bilər. Onu bir stəkanda dəmləyib, gündə 3 dəfə yeməkdən əvvəl istifadə etmək mümkündür.
Virus və soyuqdəymədən ən yaxşı qoruyuculardan biri də polen, yəni çiçəktozudur. Ondan qida əlavəsi kimi də istifadə olunur, ona kosmonavt yeməyi də deyilir. Çünki tərkibindəki minerallar və vitaminlər təbii formada o qədər zəngindir ki, gündəlik qidanı və immun sistemini bərpa etməyə çox böyük yardım göstərir.
Həmçinin qreyfrut şirəsindən gündə 50 ml uşaqlar, çəkisindən asılı olaraq 100-150 ml isə böyüklər içsə, faydalı olar.
Paralel olaraq sarımsaq və limon qarışığından istifadə etmək gərəkdir. Bunun üçün 10 baş sarımsaq və 20 ədəd limon götürülür. Sarımsaq əzilərək limon şirəsinin içərisində saxlanılır. Sərin yerdə saxlanılır və gündə 3 dəfə bir xörək qaşığı qəbul olunur”.
Həkim virusların təhlükəli olduğunu, hətta ölümə gətirə biləciyini də vurğulayıb: “İmmun sistemi zəif və başqa xəstəliyi də olan , eyni zamanda bir neçə virusa yoluxan insanların həyatı təhlükə altına düşə bilər. Çünki hazırda yayılmış virus yalnız bir orqanın deyil, bir neçə bədən üzvünün xəstəliyinə səbəb olur.
Donuz qripi, quş qripi kimi xəstəliklər məşhurdur, amma ad qoyulmayan o qədər qrip növləri var”.
Fitoterapevt xatırladıb ki, uşaqlar, yaşlılar, bir də xroniki xəstəliyi olanların immun sistemi zəif olur: “Kənardan bir virus hücuma keçəndə onlar tez ağır duruma düşürlər. Onları qorumaq üçün yenə eyni şeyləri məsləhət görürəm. Propolis cövhəri, qara cirə toxumu, biyan kökü, çökə, çiçəktozu, iki yaşdan yuxarılar üçün exinaseya bitkisi onları təhlükədən qoruya bilər.
Exinaseya ən yaxşı müqaviməti artıran komponentdir. Arı məhsulları, bitkilərin qarışığı, xüsusilə buğda rüşeyimli məcun, apikompleks məcunu dadına görə uşaqlar üçün rahat istifadə edilən müdafiə vasitələridir”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər