“Azərbaycan Prezidenti hər zaman gəncləri dəstəkləyib, onlara arxa olub, gənclərin bütün dövlət orqanlarında, seçkili orqanlarda, sahibkarlıqda önünü açıb, şərait yaradıb”.
Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
O bildirib ki, ölkə prezidenti zaman keçdikcə, dövrün tələblərinə uyğun olaraq, gənclərlə bağlı dövlət proqramları qəbul edib, günün, zamanın tələbinə rəğmən onları dəyişib:
“Bu gün də cənab prezident qeyd etdi ki, gənclərimiz milli ruhda olmalı, vətənini, millətini sevməlidirlər. Bu gün gözəl, güclü qurulan Azərbaycanı sabah gənclər idarə edəcəklər. Bunun üçün həmin o gənclərimiz Azərbaycana qarşı xarici təhdidlərə cavab vermək, Azərbaycanda görülən işi daha da irəliyə aparmaq üçün təhsilli, savadlı, millətini, dövlətini sevən olmalıdırlar.
Ölkə prezidenti çıxışında dövlət orqanlarına da məsləhət gördü ki, çalışın fəaliyyətinizdə gəncləri önə çəkin, gənclərin içindən onları könüllük fəaliyyətinə, təcrübə proqramlarına qoşun. Qoyun onlar yetişib Azərbaycanın kadrı olsunlar ki, gələcəkdə çalışa biləcəyi dövlət və müəssisələrdə işlərini öyrənə bilsinlər.
Cənab prezident gənclərə inamını ifadə edərək bildirdi ki, gənclərə güvənir, həqiqətən də o, gənclərin arxası və dayağıdır. Bu da bizim Azərbaycan gəncliyinə bir stimul verir. Prezidentin bu proqram xarakterli çıxışdan sonra biz gənclər daha aktiv olmalıyıq. Azərbaycanın inkişafı, tərəqqisi və uğurlarının artması üçün əlimizdən gələni mütləq etməliyik. Çünki heç bir dövlətdə gənclərə prezident səviyyəsində diqqət və qayğı göstərilmir.
Gənclər Fondunun təsis edilməsi, Elm Fondunun fəaliyyət göstərməsi, Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarına dəstək olan qurumlardır. Bunların hamısının bir başa təşəbbüskarı cənab prezident olub. Milli Məclisdə gənclərlə işləyən Gənclər İdman Komitəsi, Prezident Administrasiyasında müvafiq şöbə fəaliyyət göstərir.
Bir sözlə, gənclər üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb.