4 Fevral 2019 17:10
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəlik 5 min tiraj, 2 minlik satış və ya abunə indiki qəzet bazarı üçün qeyri-realdır. Çünki bazar buna uyğun deyil. İnzibati üsullarla bunu əldə etmək və ya abunə yazdırmaq mümkündür. Amma ən yaxşı yol qəzet satış məntəqələrinə şərait yaradılmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafael Becanov bildirib.

O qeyd edib ki, metroda satış olsa, “Qasid”in köşklərinin sayı bərpa edilsə, özəl satış müəssisələrinin fəaliyyətinə şərait yaradılsa, 1990-cı illərdəki tirajlar olmasa da, 5 və 2 minlik tələbləri qarşılamaq mümkündür:

“Xüsusən regionlarda qəzet satışı problemi var. Qəzet kağızına tətbiq olunan vergi ilə bağlı məsələyə baxılması da medianın inkişafına böyük töhfə olardı. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dəfələrlə bu məsələni Milli Məclisdə qaldırıb və təklif edib ki, ölkəyə gətirilən qəzet kağızı əlavə dəyər vergisindən azad olunmalıdır. Əvvəllər bu vergi tətbiq edilmirdi. İndi isə qəzet kağızının qiyməti az qala ayda bir dəfə artır”.

R.Becanov çap mediasını qorumaq lazım olduğunu vurğulayıb:

“Bacardıqca bunu etməliyik. Çap mediasını qorumaqla gözlə görünən, əllə hiss olunan tarixi də qoruya bilərik. Biz “Cümhuriyət” olaraq, digər həmkarlarımız da bu şərtlərlə qəzetçiliyin əvvəlki şöhrətini özünə qaytara bilərik. Amma indiki durumla onlayn media çap medianı üstələyəcək. Çap media isə silinməyən tarixdir...”


Müəllif: Səxavət

Oxşar xəbərlər