Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının artırılması respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır.
Sərəncama əsasən, Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.
Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.
Vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə Azərbaycanda əmək haqları 7 dəfə, eləcə də minimum əmək haqları 6,5 dəfə artırılıb.
Onu da qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır.