Bu gün “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Dövlət Statistika Komitəsinin potensialının gücləndirilməsidir.
Konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edərək son illər ölkədə statistik məlumatların hazırlanması ilə bağlı əldə olunan naliyyətlərdən danışıb:
“Avropa İttifaqı Komissiyası və Statistika Bürosu 2016-cı ilin sentyabr ayında, 2017-ci ilin fevral ayında Azərbaycanda bütün statistika sisteminin beynəlxalq auditi aparılıb. Bunun nəticəsində hesabat hazırlanıb Avropa İttifaqının Statistika Bürosunun saytında yerləşdirilib. Beynəxalq audit nəticəsində məlum olub ki, statistik məlumatlarımız beynəlxalq tələblərə uyğundur. Həmin auditdən sonra statistika istehsal prosesinin keyfiyyət qiymətləndirilməsini də aparmaq qərarı verdik. İsveçrənin keyfiyyətin idarəedilməsi sahəsində audit şirkətinin apardığı araşdırma nəticəsində Azərbaycan MDB məkanında statistika sahəsində beynəlxalq miqyasda İSO 9001-2015 uyğunluq sertifikatına nail olunub”.
T.Budaqov bildirib ki, bundan sonra Avropa İttifaqı ilə birlikdə həyata keçiriləcək layihə qarşısında bir sıra məqsədlər var:
“Əsas məqsəd markoiqtisadi göstəricilərin müəyyən edilməsi üçün istehsal indekslərinin hesablanmasının təkmilləşdirilməsi, istehsalçı qiymət indekslərinin əhatə dairəsinin genişləndirilməsi, bu layihələr çərçivəsində qazanılan naliyyətlərin digər dövlət qurumlarında tətbiqinin genişləndirilməsi, kadr potensialının artırılmasından ibarətdir”.
Layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lapeniene Statistik Sistemində statistic biznes proseslərinin inkişafı və standartlaşdırılması sahəsində təcrübələrini bölüşüb. Layihə çərçivəsində keyfiyyətin idarə edilməsi sahəsində Litva Statistik Departamentinin təcrübəsinin öyrənilməsi məqsədilə 2018-ci ildə Dövlət Statistika Komitəsi əməkdaşlarının ölkəyə təlim səfərindən danışıb.
Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təmsilçisi “Avropa İttifaqı daxilində və xaricində yüksək keyfiyyətli statistikanın istehsalı üçün Avropanın öhdəliyi”, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdovsi Fikrətzadə “Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi” mövzusunda çıxış ediblər.