Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət İqtisad Universitetinin- UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev 84 yaşında vəfat edib. Mərhum professor sabah dəfn olunacaq. Onula vida mərasimi də sabah “Təzə Pir” məscidində olacaq.
Professor Quliyev Tofiq Əvəz oğlu 1935-ci ildə Ağdam rayonunda anadan olub. 1953-cü ildə Ağdam rayonu Xındırıstan orta məktəbi bitirib, həmin ili K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1957-ci ildə həmin institutu Sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı, 1964-cü ildə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent, professor, kafedra müdiri (1970-ci ildən) vəzifələrində çalışıb.
Qeyd edək ki, professor Tofiq Quliyev dünya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir.
Professor Tofiq Quliyev 500-dən artıq elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilib. B
Professorun hələ 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında nəşr olyunan və geniş müzakirələrə səbəb olan mənafelər probleminə həsr edilən monoqrafiyası bu gün də dünyanın müxtəlif ölkələrində elm adamları tərəfindən maraqla oxunan, istinad edilən kitab olaraq qalır. Eləcə də 1974-cü ildə həmin nəşriyyatda nəşr olunan əməyin reduksiyası probleminə həsr edilən monoqrafiyası bu sahədə tədqiqat aparan alimlərin ən çox müraciət etdiyi kitablardan biridir
Qeyd edək ki, professor Tofiq Quliyev iqtisadiyyat sahəsi üzrə dünyada tanınmış alimlərimizdən biri olsa da, onun yaradıcılığı çoxcəhətli və geniş diapazonlu olub.
Belə ki, hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə və şeirlər də yazıb çap etdirən mərhum professor Tofiq Quliyev bədii-publisistik fəaliyyətilə də tanınıb. “Tofiq Fərid” imzası ilə şeirlər yazan professorun “Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik və satirik hekayələr” kitabları geniş maraqla qarşılanr. Bu kitablar haqqında maraqlı yazılar və mülahizələr söylənilib.