Anar Qədirli: “Özəl tibb müəssisələrinin qiymət siyasətinə təsir etmək nazirliyin səlahiyyəti xaricindədir”
Azərbaycanda uşaqlar arasında sinir sistemi xəstəliklərindən müalicə olunanların sayının kəskin şəkildə artdığı heç kəsə sirr deyil. Dünya Səhiyyə Təşkilatının rəsmi statistikasında da 16 yaşadək uşaqlar arasında əlilliyin strukturunda əsəb sistemi və ruhi xəstəliklər ilk yerləri tutur. Rəsmi məlumata əsasən, qeydə alınan nevroloji xəstələrin təxminən 70 faizini uşaqlar, 4 faizini isə yeniyetmələr təşkil edir.
Ən ağrılı problemlərdən biri isə nevroloji xəstəliklərin müalicəsində mütəxəssis çatışmazlığıdır. Bundan istifadə edən bu sahə üzrə peşəkarlaşmış bir çox həkimlər isə qəbul qiymətlərini yüksəltməklə valideynlərə daha bir zərbə vurmuş olurlar. Qəbula düşmək çətin, yüksək qəbul haqqını ödəmək isə ondan çətin.
Ölkədə bu sahə üzrə peşəkar həkim kimi adətən, iki nəfərin adı çəkilir - Zakir Əliyev və Füzuli Məmmədov. Sözügedən həkimlərin harada çalışması və qəbul qiymətləri ilə maraqlandıq.
“Atlas” Tibb Mərkəzində çalışdığını öyrənib uşaq nevropatoloqu Zakir Əliyevin qəbuluna yazılmaq istədik. Klinikadan bildirdilər ki, növbəyə bir ay əvvəldən yazılmaq mümkündür və sözügedən həkimin qəbuluna dekabrda düşmək üçün noyabrı gözləməliyik. Qəbul haqqı isə 118 manatdır.
Zakir Əliyevin həm də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq nevrologiyası kafedrasının müdiri olduğu üçün həmin klinikada qəbuluna yazılmaq istədik. Klinikanın əməkdaşı bizimlə söhbətində hazırda həkimin məzuniyyətdə olduğunu və qəbuluna ancaq dekabr ayında düşməyin mümkünlüyünü dedi.
Qəbul haqqına gəlincə, həmsöhbətimiz bunun 75 manat olduğunu söylədi: “Professor üçün hələ bu, aşağı rəqəmdir. Zakir həkim uşaqlarda əsəb xəstəliklərini müalicə edən bir nömrəli mütəxəssisdir. Belə olmasaydı, gələn ilə qədər növbəsinə dayanardılarmı? Hələ ”Atlas" klinikasında xəstələri 120 manata qəbul edir, yenə də növbəsi yoxdur. Bu o qədər də çox pul deyil, hər halda çox olsa xəstələr imtina edərlər".
Tibb Universitetinin Tədris Terapevtik Klinikası xəstələrə lazımi səviyyədə xidmət göstərilməsi və yüksəkixtisaslı kadr hazırlığı üçün 4 il əvvəl oktyabrın 1-də istifadəyə verilib. Klinikanın açılışında ölkə başçısı da iştirak edib.
Digər məşhur uşaq nevropatoloqu Füzuli Məmmədovun qəbuluna düşmək üçünsə yenə də “Atlas” klinikası və Optimed Tibb Mərkəzinə müraciət etmək lazımdır ki, bu zaman da oxşar mənzərə ilə rastlaşdıq. Klinikalardan birində həkimin qəbuluna yazılmaq 30 manat, digərində isə 50 manatdır. Amma bunun üçün oktyabr ayını gözləmək lazımdır.
Bəs görəsən, həkimlərin qəbuluna düşmək qaydası necə tənzimlənir və qiymət siyasəti hansı qayda ilə həyata keçirilir? Buna dövlətin müdaxiləsi mümkündürmü?
Nəğd ödənişlər vergidən yayınmaya yol açır
Suallarla iqtisadçı Natiq Cəfərliyə müraciət etdik. O, bildirdi ki, həklimlərin qəbul qiymətləri hər hansı dövlət və hökumət qurumları tərəfindən tənzimlənmədiyindən qiymət müqaviləsi kilinikalar və həkimlərin şəxsi istəyi ilə razılaşdırılır: “Problemin kökündə illərdir həyata keçilrilməsi çətinləşdirilən icbari tibbi sığortanın tətbiq olunmaması məsələsi dayanır. Baxmayaraq ki, bununla bağlı artıq qərar da qəbul olunub, amma işlənmə mexanizmi hazırlanmayıb. Bu zaman dövlətin üzərinə böyük iş düşür, çünki xarici təcrübəyə əsasən sığorta haqlarının müəyyən qismini vətəndaşlar ödəyirsə, müəyyən qismi də dövlət tərəfindən ödənilir. Belədə tibb mərkəzlərinin işi asanlaşmaqla yanaşı, vətəndaşların da üzərinə az yük düşür. Həm də şəffaflıq yaranar, vergidən yayınmanın qarşısı alınar”.
Natiq Cəfərli deyir ki, tibb sahəsində nəğd ödənişləri ləğv edilməli və ödənişlər sığorta kartları vasitəsilə aparılmalıdır: “Çünki nəzarəti həyata keçirən dövlət orqanlarının gündən-günə çoxalan klinikalarda yoxlama aparması asan deyil, ən başlıcası vergidən yayınmamaq və qeyri-şəffaf əlaqələrin aradan qaldırılması üçün nəğd ödənişlərə son qoyulmalıdır”.
Həkimin statusundan, elmi dərəcəsindən istifadə edərək yüksək ödənişlə xəstə qəbul etməsinə gəlincə, ekspert dünya praktikasında mövcud olmasına baxmayaraq Azərbaycanda bu məsələdə sui-istifadə hallarına yol verildiyini dedi: “Hazırda elə bir yenilikçi həkimimiz yoxdur ki, onun pasiyenti olmaq üçün külli miqdarda vəsait ödənilsin. Bir müddət əvvəl MDB dövlətlərində çox geniş yayılmış bir tendensiya var idi - ucuz qiymətə elmi ad almaq. Bu, əsasən 90-cı illərə təsadüf edir və həmin vaxt bir çox həkimlər titullar aldılar ki, indi bu sahədə adından istifadə edərək qazanc əldə etmək istəyənlərin çoxu həmin adamlardır. Əslində həmin həkimi əhali və ya pasiyentlər dəyərləndirməlidir. Bu məsələni də bazarın özü tənzimləyə bilər, o zaman ki, burada icbari tibbi sığorta tətbiq olunsun”.
Nazirliyin səlahiyyəti xaricində olan məsələ
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, həm özəl, həm də təsərrüfat hesablı klinikalarda qiymət siyasəti nazirliyin müdaxilə edə bilmədiyi məsələdir: “Səhiyyə Nazirliyi qiymət siyasətinə müdaxilə edə bilməz. Bu özəl klinikalar üçün birmənalı olaraq belədir. Təsərrüfat hesablı tibb müəssisələri isə Tarif Şurası ilə razılaşdırılmış qiymət müqaviləsinə əsasən qiymət tərtib edirlər. Buna təsir etmək nazirliyin səlahiyyəti xaricindədir.”
Dövlət xəstəxanalarında çalışan əksər həkimlərin həm də özəl tibb müəssisələrində çalışması heç kəsə sirr deyil. Amma həkimlərin iki dövlət qurumunda çalışmasına qanunun icazə verib-verməməsi də sual doğurmaya bilmir.
Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikası açıldıqdan sonra dövlət xəstəxanalarında çalışan əksər həkimlər ödənişli əsaslarla xəstələri həm də həmin klinikalarda qəbul edirlər. Təsərrüfat hesablı qurumlar isə öz-özünü maliyyələşdirsə də, hökumət qurumunun dövlətin balansında olduğu üçün dövlət müəssisəsi sayılır. Əmək Məcəlləsinə görə, bu zaman işçilər bir iş yerində tam, o birində isə yarımştat işləyə bilər. Qanunvericilik buna o halda icazə verir ki, bir iş yerindəki fəaliyyət digərinə mane olmasın.
Naibə Qurbanova
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.