6 Aprel 2019 12:51
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhkəmə-hüquq islahatlarının dərinləşməsi üçün onun fəaliyyətini bilavasitə təmin edən qanunvericilikdən əlavə digər qanunlar da dəyişməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Hüquqşünas Məhkəmə-Hüquq Şurasının iclasındakı iştirakı barədə danışıb:

“Apelyasiya məhkəməsinin qarşısında mənə bir nəfər yaxınlaşdı. Dedi ki, məni tanıyır. Qarabağ qazisidir. Dedi ki, “MTK-dan ev almışam, gedib baxanda gördüm ki, içəridə başqa bir ailə yaşayır”. Yəni, ilk ödənişi edən olmasına baxmayaraq, MTK mənzili bir neçə şəxsə satıb. İndi isə insan məhkəmələrin qapısında qalıb.

Hesab edirəm ki, reyestrə daxil olmayan daşınmaz əmlakla bağlı məhkəmə qətnaməsinin (qərarının) qəbul olunması çox çətindir. Kimin haqlı olmasını bəzən sübut etmək mümkün olmur. Sənədləşmə ya yoxdur, ya da primitivdir. Ödənişlər cibdən-cibə olduğu üçün məbləği müəyyən etmək mümkün deyil.

Bizim təşkilat hələ 2007-ci ildə bu problemi araşdırıb bir hesabat hazırlamışdı. O zaman “Tikintidə paylı iştirak haqqında” qanunun qəbul olunmasını təklif etmişdik. İndi vəziyyət necədir? Yenə də “MTK mafiyası” iş başındadır.

Göydələnlər tikilir, dövlətə heç bir vergi ödənilmir, tikintinin heç bir mərhələsində reyestrdə qeydiyyat yoxdur (istisnaları çıxmaqla), pullar nağd alınır və mühasibatlığa mədaxil edilmir və s. Ölkədə mövcud olan daşınmaz əmlakın necə faizi sənədləşdirilib? Reyestrə bütün daşınmaz əmlakın neçə faizi daxil edilib? Məncə çox az faizi daxil olunub”.

Sahib Məmmədov qeyd edib ki, kəndlərdə olan on minlərlə evlərin heç bir sənədi yoxdur:

“Daşınmaz Əmlakın Dövlət Reyesrinə müraciət edənlərə elə qiymət deyirlər ki, bəzən daşınmaz əmlakın qiymətindən çox olur. Hesab edirəm ki, prezidentin 3 aprel tarixli inqilabi fərmanı məhkəmə-hüquq sitemində çox məsləni həll edəcək, amma bütün məslələrin həlli üçün Mülki Məcəllədən tutmuş Əmək Məcəlləsinə qədər yeni redaksiyada hazırlanmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər