16 Aprel 2019 17:08
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvadakı görüşündən sonra iki ölkə jurnalistlərinin Bakı, İrəvan və Dağlıq Qarabağa səfərinin mümkün olması barədə bəyanatın yayılması sevindirici haldır. Bu cür səfərləri alqışlayıram.

Bu sözləri Teleqraf.com-a açıqlamasında konfliktoloq Əvəz Həsənov deyib.

O, bu yaxınlarda “Turan” İnformasiya Agentliyinin müxbirinin Ermənistana səfərini xatırladaraq, bir qədər öncə artıq bu istiqamətdə müəyyən işlərə başlandığını vurğulayıb: “Jurnalistlərin Dağlıq Qarabağa səfəri yeni hadisə deyil, 2001-ci ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə bir neçə jurnalist Dağlıq Qarabağa səfər etmişdi, ermənilər da Azərbycana gəlmişdilər. Media nümayəndələri Azərbaycanda da, Ermənistanda da dövlət başçıları ilə görüşmüşdülər. Yadımdadır, gələn jurnalistlər Heydər Əliyevlə görüşdülər. Eləcə də vətəndaş cəmiyyətinin, siyasi partiyaların nümayəndələri ilə görüşərək onların da fikrini öyrənmişdilər”.

Əvəz Həsənov hesab edir ki, jurnalistlərin səfərinin təşkil olunması asan tədbir ola bilər: “Kimlərlə müsahibələrin alınması, hansı yerlərə səfərlərin mümkün olması, birgə tədbirlərdə iştirakı planlaşdırmaqla jurnalistlərin həm Azərbycana, həm də Dağlıq Qarabağa səfərini təşkil etmək mümkündür. Bunu alqışlayıram”.

Əvəz Həsənov qeyd edib ki, jurnalistlərin qarşılıqlı səfərləri cəmiyyətlərin içərisində olan məlumatsızlığı azaldacaq və alternativ məlumat almaq imkanlarını artıracaq.

Qeyd edək ki, dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, razılığa əsasən, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, İrəvan və Dağlıq Qarabağa səfərləri təşkil olunacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər