18 Aprel 2019 15:02
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və Nümayəndəliyin digər əməkdaşları ilə nazirlikdə keçirilən görüşdə bildirib.

"Bəzən bu və ya digər uşağın məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalmaları, nəticədə öz həyatlarına qəsd etməsi faktları ilə rastlaşırıq. Bu da belə hallarla qarşılaşan uşaqlara daha yaxın olmaq, onlara vaxtında və ehtiyac duyduqları mənəvi-psixoloji dəstəyi göstərmək zərurətini artırır. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən adekvat cavab tədbiri, eyni zamanda, həmin uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca qaynar xəttin yaradılması nəzərdə tutulur", - o deyib.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin sosial xidmətlər sisteminin inkişafına xüsusi qayğısı nəticəsində bu sistemin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişlənməsi üçün mühüm addımların atıldığını qeyd edib. O vurğulayıb ki, yaradılması nəzərdə tutulan qaynar xətt də zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.

M.Yuan uşaqlar üçün yeni qaynar xəttin yaradılması ideyasının təqdirəlayiq olduğunu, bu məqsədlə qabaqcıl dünya təcrübəsinə uyğun və çevik iş mexanizmlərinin formalaşması üçün UNİCEF-in müvafiq dəstəyi təmin edəcəyini deyib.

Görüşdə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində birgə tədbirlərin gücləndirilməsi, zorakılıq halları baş verdikdə cavab tədbirlərinin görülməsi, eləcə də Qaynar xəttin məqsədəuyğun fəaliyyətinin qurulması üçün mütərəqqi praktikaların öyrədilməsi məqsədilə təlimlərin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər